“Lokomotiv” növbəti mərhələdə! - YENİLƏNİB
08.12.2011 - 19:18
“Lokomotiv” növbəti mərhələdə! - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə Azərbaycan klublarından “Lokomotiv” qüvvəsini sınayıb.

Macarıstanın “Vaşaş” klubunu qəbul edən “dəmiryolçular” üçün bu oyun elə də çətin keçməyib. Budapeşt təmsilçisini səfərdə 3:0 hesabı ilə məğlub edən Draqutin Baltiçin yetirmələri Bakıda da eyni uğuru təkrarlayıblar.

Düzdür, rəqib oyunun startında voleybolçularımıza qarşı ciddi müqavimət göstərib. Yalnız setin sonlarında hesabda bərabərlik yaradan “Lokomotiv” (22:22) yekunda “Vaşaş”dan güclü olub – 25:22.

Növbəti 2 set isə komandamızın aşkar üstünlüyü şəraitində keçib. Macarlar “dəmiryolçular”dan ikinci hissədə 11, üçüncü setdə isə cəmi 18 xal almağı bacarıblar.

Beləliklə, hər 2 matçda qələbə qazanan “Lokomotiv” “Bakı”nın ardınca “Çelenc Cup”da 1/16 final mərhələsinə yüksəlib.

8 dekabr

“Çelenc Cup”
II təsnifat mərhələsi


Cavab matçı
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VAŞAŞ” (MACARISTAN) - 3:0 (25:22, 25:11, 25:18)
Hakimlər: Alim Batyuk (Ukrayna), Cihat Firincioğlu (Türkiyə)
Bakı İdman Sarayı.

İlk oyun
“Vaşaş” – “Lokomotiv” – 0:3 (21:25, 11:25, 9:25)

Qeyd edək ki, “Çelenc Cup”dakı digər təmsilçimiz “Bakı” bir gün öncə “Evre”yə (Fransa) qalib gələrək, 1/16 finala vəsiqə qazanmışdı.
0