“Trabzonspor” millimizin üzvünə 500 avro maaş verirmiş – MÜSAHİBƏ
03.05.2012 - 11:52
“Trabzonspor” millimizin üzvünə 500 avro maaş verirmiş – MÜSAHİBƏ
Kişi həndbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Hikmət Abdullayevin apasport.az saytına müsahibəsi

- Ölkəmizdə həndbol tənəzzül dövrünü yaşayır. Buna səbəb nədir və nə vaxtadək davam edəcək?
- Bilirsiz, bunu mən də deyə bilmərəm. Həqiqətən çox çətindir. Düzdür, özümüz üçün gənclərdən ibarət yığma komanda yaratmışıq və onlar bu idman növünü yaşadırlar. Amma bu gedişlə çətindir.

- Ötən həftə Azərbaycan çempionatına yekun vuruldu. Amma demək olar bundan heç kimin xəbəri olmadı...
- Düz deyirsiz, belə çıxır ki, biz yalnız özümüz üçün oynayırıq. Fikirləşin ki, bəzi həndbolçular oyuna işdən qaçıb gəlirlər, bəziləri isə özlərini çatdıra bilmirlər. Lakin bütün bunlara baxmayaraq, yarışı başa çatdırdıq.

- Çempionatın gedişi barədə nə deyə bilərsiniz?
- Birinciliyə 6 klub qatılmışdı. Ötən illərlə müqayisədə yaxşıdır. Əvvəllər yalnız bir klubumuz vardı – “Dinamo”nu da özümüz saxlayırdıq. Bu dəfə yeniliklər oldu. AZAL çempion adını qazandı, “Dinamo” ikinci yeri tutdu. Bürünc medallar isə “Təhsil”ə qismət oldu.

- Həmin klublar avrokuboklarda səssizliyi poza biləcəklərmi? Yəni, uzun illərdən sonra komandalarımıza beynəlxalq arenaya çıxmaq qismət olacaqmı?
- Yox, bu, yenə reallaşmayacaq. Sözün düzü, özüm də yadımdan çıxarmışam ki, axırıncı dəfə avrokuboklarda 2007 yoxsa, 2008-ci ildə oynamışıq. Lakin təəssüf ki, yenə də qitə yarışına qatılmayacağıq.

- Belə vəziyyətdə yeniyetmə və gənclər həndbola gəlirlərmi?
- Bizim idman növü maraqlı olduğundan gələnlər kifayət qədərdir. Bunun üçün də gənclər yığmamızı formalaşdırmışıq. Onlar da “Çelenc Cup”da çıxışlarından sonra bir sıra klubların diqqət mərkəzinə düşüblər.

- Həmin həndbolçuların adlarını açıqlaya bilərsizmi?
- Hələlik digər ölkələrdə çempionatlar yeni başa çatıb. Bir qədər sonra heyətə oyunçular cəlb etməyə başlayacaqlar. Bundan əlavə, həmin həndbolçuların adlarını hələ demək tezdir. Çünki gəncdirlər, desəm, özlərindən razı ola bilərlər. Danışıqlar gedir və müəyyən klublara da təkliflər verilib. İnşallah, tezliklə gənclərimiz də legioner həyatı yaşayarlar.

- Bəs hansı ölkələr və klublar yığmamızın üzvlərinin xidmətində maraqlıdırlar?
- Əsasən 2 ölkədən real təkliflər var. Bunlar Türkiyə və Rusiya klublarıdır. Türkiyədən “Trabzonspor”, “Milli Piyanqo” və “Ankaragücü”, Rusiyada isə Volqoqradın “Kaustik” komandası yığmamızın üzvünü heyətində görmək istəyir.

- Millimizin üzvləri hansı məbləğ müqabilində xarici klublara yollanırlar?
- Həndbolçularımız Azərbaycanda iş tapdıqları halda legioner həyatı yaşamaq istəmirlər. Məsələn, əvvəlcə Türkiyədə ayı 500 avroya oynayırdılar. Lakin bu rəqəm onlara sərf etmədi və vətənə döndülər. İndi isə danışıqlarımız 1000 avrodan başlayır və oyunçuya görə məbləğ artır.