Marçello Abbondanza: “Rabitə”nin ambisiyası çox yüksəkdir
06.05.2012 - 14:57
Marçello Abbondanza: “Rabitə”nin ambisiyası çox yüksəkdir
Bakının “Rabitə” klubunu yeni mövsümdən çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun baş məşqçisi serbiyalı Zoran Qayiç italiyalı Marçello Abbondanza ilə əvəzlənib.

Onunla 1 illik müqavilə bağlanılıb. Razılaşmanın şərtlərinə əsasən Abbondanza ilə müqavilə daha 1 il uzadıla bilər.

Son 3 mövsümdə İtaliyanın “Villa Kortese” klubunu çalışdıran təcrübəli mütəxəssis müqaviləsini şərh edərkən “Rabitə”ni seçdiyi üçün şad olduğunu bildirib: “Yeni komandada – “Rabitə”də işləyəcəyimdən çox şadam. 3 il “Villa Korteze” ilə gözəl mövsüm keçirdim, artıq yeni bir macara, bir dəyişiklik lazım idi. “Rabitə”nin iştirak edəcəyi bütün yarışlarda birincilik istəyi və ambisiyası çox yüksəkdir. İstəyirəm ki, Bakı klubunun uğurlarının bir hissəsi olam. Klubun prezidenti və meneceri ilə söhbətimiz də çox yaxşı keçdi və onlarla işləmək əla olacaq. Hələlik 1 illik müqavilə bağlamışam. Hər şeyin yaxşı alınacağı və hər 2 tərəf razı qalacağı halda, müqavilə daha bir il uzadıla bilər”.

Paralel olaraq Bolqarıstan yığmasındakı işini də davam etdirəcək Marçello bu ölkədən voleybolçu transfer edib-etməyəcəyi ilə bağlı yekun qərarı vermədiyini də bildirib: “Yeni komandama Bolqarıstandan oyunçu gətirib-gətirməyəcəyimi hələ dəqiq deyə bilmərəm. Çünki transferlərlə bağlı bir daha danışacağıq. Lakin ötən il “Rabitə”nin şərəfini qorumuş bolqar Dobriana Rabadjiyeva komandada qalacaq. O, hələ gəncdir və gözəl çıxış edərək, əla perspektiv vəd edir”.

Qeyd edək ki, Abbondanza son ildə “Villa Korteze”ni A seriyasının finalına, Çempionlar Liqasının isə “Dördlər finalı”na yüksəldib.