“Bakıda yol hərəkəti qaydaları yoxdur”
08.05.2012 - 14:59
“Bakıda yol hərəkəti qaydaları yoxdur”
“Azərbaycan Super Liqasının səviyyəsi İtaliyada olduğu kimi elə də yüksək deyil. Burada əsas güclü komandalar “Azərreyl”lə “Rabitə”dir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Azərreyl” klubunun voleybolçusu Sara Anzanello deyib.

İtaliyalı legioner debüt mövsümü keçirdiyi Azərbaycan Super Liqası və azarkeş marağından danışıb: “Azərbaycan çempionatı bir neçə ildir yaradılıb. Voleybol ictimaiyyət arasında sevimli idman növüdür və əla nüfuza malikdir. Oyunlar televiziya ilə canlı yayımlandığı üçün auditoriya da böyükdür. Azarkeşlər çox təmkinli və hörmət saxlayırlar. Bu səbəbdən Super Liqa oyunlarından sonra çoxlu avtoqraflar verib, fanatlarla şəkil çəkdirdim. Belə nəticəyə gəlinir ki, Azərbaycanda avtoqraflar dəbdən düşmür”.

Anzanello bildirib ki, komandasında voleybolçuların ehtiyaclarına çox diqqətlə yanaşırlar: “Rəhbərlik hər xırda detala fikir verir, heç nəyi diqqətdən yayındırmır. Komandamızda mühit şərq ölkələrinə çox oxşardır”.

Ölkəmizdəki bir çox legionerlər kimi Bakıdakı tikintiləri qeyd edən Sara paytaxtımızın nəqliyyat sistemindən də danışıb: “Bakı küçələrində köhnə rus taksilərini və ya JEEP-ləri görmək mümkündür. Şəhərin mərkəzi çox dəbdəbəlidir və turistlərin diqqətini cəlb edir. Mən isə şəhərin kənarında yaşayıram, tez-tez metro və ya avtobusa minirəm. Bakı metrosu London üslubunda olduğu kimi çox dərindir. Amma Bakıda elə şeylər var ki, onlardan qaçmaq lazımdır. Məsələn, maşınım yox idi ki, buna da şükür edirdim. Çünki orada demək olar ki, yol hərəkəti qaydaları yoxdur, hərə öz istədiyi kimi sürür. Bakıda maşın sürməyə adət etməyən adama avtomobil icarəyə götürməyi məsləhət görməzdim. Bir də onu tövsiyə edirəm ki, Bakıya gələndə tünd rəngli ayaqqabıya üstünlük verilsin. Çünki toz-torpaqda ağ ayaqqabı pis vəziyyətə düşür”.

Sara ölkədə Azərbaycan dilinin hökm sürdüyünü bildirib: “Bu dil türkcəyə çox yaxındır. Lakin demək olar ki, çoxları rusca da bilir. Orada ingilis dilini unudursan. Çünki yalnız şəhərin bir neçə restoranında bu dildə danışırlar. Bakıda yaşayırsansa, mütləq İçərişəhərə gedib, Qız qalasına çıxmalısan. Bundan başqa, Fəvvarələr Meydanı və bulvarda çox gəzirsən”.

“Azərreyl”ə Super Liqada və Çempionlar Liqasında uğur qazana bilməyən 32 yaşlı voleybolçu Azərbaycan mətbəxinə də toxunub: “Burada müxtəlif mətbəxlərin yeməklərinə rast gəlmək olar. Amma sizə məsləhət görərdim ki, Azərbaycan mətbəxinin dadına baxasız. İçərişəhərdə yaxşı restoranlar var ki, milli yeməklər təklif edirlər. Mənim narşərab çox xoşuma gəlir, üstəlik pilovdan ötrü sino gedirəm. Xüsusilə, üstünə əlavə edilən şabalıd, kişmiş və ətdən ibarət olan aşqaranı tez-tez yeyirdim. Təbii ki, kababa söz ola bilməz. Şirniyyat xoşlamıram. Amma Azərbaycan paxlavası türk paxlavasından başqa sevdiyim nadir şirniyyatlardandır”.