“Azərreyl”in voleybolçusu Qran-prinin ən yaxşısı seçildi
02.07.2012 - 09:29
“Azərreyl”in voleybolçusu Qran-prinin ən yaxşısı seçildi
Qadın voleybolçular arasında dünya Qran-prisinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını ABŞ millisi qazanıb.

Onlar son matçda Çin yığmasına 3:0 (26:24, 25:21, 27:25) hesabı ilə qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İkinci yeri Braziliya, üçüncü yeri Türkiyə voleybolçuları tutublar.

Çempion olmaqla 200 min dollar irəli düşən amerikalıların heyətində qızıl medallar alanlar sırasında 3 “azərbaycanlı” da yer alıb. Belə ki, “Rabitə”nin və “Azərreyl”in yeni transferi müvafiq olaraq, Foluke Akinradevo və Meqan Hodj, həmçinin son 2 ildə “İqtisadçı”da çıxış edən, 2012/2013 mövsümündə burada oynayıb-oynamayacağı dəqiqləşməyən Tayyubu Xaneef-Park dünyanın ən güclüsü adını qazanıb. Hodj çempion olmaqla yanaşı, Qran-prinin ən dəyərli voleybolçusu adına da sahib olub.

Qeyd edək ki, “Azərreyl”in sabiq voleybolçusu Hizer Erin Brunla “Lokomotiv”lə vidalaşan Nansi Metkalf da qalib heyətdə yer alıblar.