“Bakı klubu mənim üçün sirli bir qutudur” - FOTO
02.07.2012 - 15:14
“Bakı klubu mənim üçün sirli bir qutudur” - FOTO
“Püşkatmadan sonra azacıq nikbinliyim var. Hərçənd, ötən illə müqayisədə çox dəyişiklik var. O vaxt biz “Dinamo”nu 1, “Srvena Zvezda”nı 2 dəfə məğlub etmişdik. Yəni onları tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinski deyib.

Təcrübəli mütəxəssis F qrupunda yer alan komandalarla bağlı fikirlərini açıqlayıb. O, bildirib ki, Rusiya “Dinamo”su (Moskva) ilə “Srvena Zvezda”nı (Serbiya) tanısa da, “Lokomotiv” (Azərbaycan) barədə az məlumata malikdir: “Bakı klubu mənim üçün sirli bir qutudur. Yalnız onu bilirəm ki, onların aparıcı amerikalı voleybolçusu Nansi Metkalf komandanı tərk edib. Lakin onun əvəzinə braziliyalı gəlib ki, onu tanımıram. Çexiyalı mərkəz oyunçusu və libero Mariya Filipova da bu komandada oynayır. Bildiklərim elə bu qədərdir”.

O, “Lokomotiv”lə düşmələrinə təəssüfünü də gizlətməyib: “Biz Azərbaycan və Rusiya kimi ölkələrdə oynamaq istəmirdik. Çünki belə uzaq səfərlər əlavə xərclər tələb edir, viza lazımdır. Ümid edirəm ki, sonda bu işlərin öhdəsindən gələ biləcəyik”.