Mundialın açılışına biletlərin yarıdan çoxu satılıb - FOTOSESSİYA
03.08.2012 - 15:38
Mundialın açılışına biletlərin yarıdan çoxu satılıb - FOTOSESSİYA
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin biletlərinin satışı davam edir. Apasport.az saytının məlumatına görə, iyunun 16-dan satışda olan biletlərin böyük qismi artıq sahiblərini tapıb. Aprelin 16-dan onlayn biletlərin də satıldığını nəzərə alsaq artıq 4 aydır ki, azarkeşlər bilet əldə edə bilər.

Dörd aya yaxındır davam edən satışın nəticələri göstərir ki, Azərbaycan - Kolumbiya milli yığmaları arasında keçiriləcək açılış oyununa maraq böyükdür. Ehtimal ki, dünya şöhrətli ulduz Cennifer Lopesin açılış oyununda iştirakı da biletlərin satışına təsir edən mühüm faktorlardan biridir. Bilet satışı nöqtələrində əhalinin gənc təbəqəsi daha çox aktivlik nümayiş etdirir. Artıq biletlərin yarısından çoxu satılıb. Aralarında məşhur insanların da olduğu alıcılar çempionatın nəhəng bileti ilə foto çəkdirmə şansı da qazanırlar.

Qrup mərhələsi, 1/4 final, 1/2 final və final oyunlarında daxil olmaqla 6 stadionda keçiriləcək çempionatın bütün digər oyunlarının biletləri də artıq satışa çıxarılıb. Oktyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4 final oyunu və 8 gün sonra baş tutacaq final oyununda daha iki dünya ulduzu - Rihanna və Şakiranın da iştirak edəcəyini artıq çoxları bilir.

Artıq yarıdan çoxu satılmış açılış oyunu və çempionatın digər oyunlarının biletlərini onlayn qaydada fifa.com/Azerbaijan 2012 saytından, ənənəvi üsulla isə aşağıdakı satış nöqtələrindən əldə edə bilərsiniz.
- Park Bulvar ticarət mərkəzi (Neftçilər pros., 1-ci mərtəbə)
- Metro Park ticarət mərkəzi (Təbriz 44, 7-ci mərtəbə)
- Xalq Bank – Neftçilər filialı (Qara Qarayev pr., 70 b)
- Bakcell – Müştəri xidmətləri (Nizamı küç., 83)

Qeyd edək ki, çempionat oyunlarına biletlərin qiyməti 1 AZN - 15 AZN arasında dəyişir.

Mənbə: affa.az