Yığmamız reytinq cədvəlində 1 pillə gerilədi
15.08.2012 - 14:25
Yığmamız reytinq cədvəlində 1 pillə gerilədi
Beynəlxalq Voleybol Federasiyası (FİVB) XXX London Yay Olimpiya Oyunlarının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan yığmaları üçün uğurlu alınmayıb.

Belə ki, Faiq Qarayevin rəhbərlik etdiyi qadınlardan ibarət millimiz mövqeyini itirib. Voleybolçularımız 36-cı yeri əldən verərək, 37-ci yerə şərik olublar. İndi hesabında 14,25 xal olan millimiz Rumıniya ilə birgə 37-38-ci yerləri bölür.

Bu siyahıya isə Olimpiya oyunlarının finalçıları başçılıq edir. Yarışın gümüş mükafatçısı ABŞ (312,50) 1-ci, çempionu Braziliya (292,50) 2-ci pillədə qərarlaşıb. İlk “3-lüyü” Londonda bürünc almaqla 2 pillə irəliləyən Yaponiya (246,00) tamamlayır.

Kişilərdən ibarət Azərbaycan yığması da xanım idmançıların taleyini yaşayıb. Ötən reytinqdə daha 8 milli ilə 92-ci yeri bölən komandamız şəriklərindən birini önə buraxıb. Hazırda 4,75 xalla Sent Kitts, Dominika adaları, Sent Vinset və Qrenadin, Anguilla adaları, Qrenada, Macarıstan və Beliz yığmaları ilə 93-100-cü yerləri bölən voleybolçularımız ötən dəfəki şəriklərindən biri - 28-ci pilləyədək irəliləyən Böyük Britaniyadan geri düşüb.

Bu siyahıya da London Olimpiadasının finalında Rusiyaya uduzan Braziliya (300,00) başçılıq edir. Çempion olan şimal qonşularımız (276,50) ikinci, bürünc mükafatı qazanan İtaliya (235,50) isə üçüncü yeri tutub. Bunlardan ilk ikisi mövqelərini qoruduqları halda sonuncu 3 pillə irəliləyib.