Svetlana İliç: Biz Bakı klubundan bir addım irəlidəyik - MÜSAHİBƏ
03.11.2012 - 11:49
Svetlana İliç: Biz Bakı klubundan bir addım irəlidəyik - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Moskvanın “Dinamo” klubunun baş məşqçisi Svetlana İliç Rusiyanın tanınmış championat.com saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, xanım çalışdırıcı Çempionlar Liqasında “Lokomotiv”ə Bakıda 0:3 hesablı məğlubiyyətin səbəblərindən danışıb.

- Məğlubiyyətin əsas səbəbi nədir? Nəyi etməyiniz alınmadı?
- Çoxlu səbəblər var ki, yığıldı və sonda belə nəticəyə gətirdi. Son 2 həftədə mənim komandamın böyük yüklənmə altında oldu. Praktiki olaraq hər gün şəhərləri dəyişmək, ya ölkə çempionatında, ya da Çempionlar Liqasında matçları növbələmək asan deyil. Biz “Uraloçka” ilə ötən oyunda yetərincə güc və enerji itirdik. Bu, əsəbi oyun idi. Elə Bakıya səfərin özü yetərincə gərgin və uzun alındı. Zal bizim öyrəşdiyimiz kimi elə də hündür deyildi.

- Setləri necə dəyərləndirərdiniz?
- İlk set bizim planlaşdırdığımız kimi başlamadı. Ola bilər ki, arenadakı atmosfer bir az bizə təsir etdi və lazım olduğu kimi dərhal oynamağımıza imkan vermədi. Startda texniki və taktiki planda bəzi səhvlər bizi üzdü və həddən artıq konsentrasiya ilə enerjini apardı. Biz həmişə rəqibə çatmalı olurduq. Çünki daim 2, yaxud 3 xal geridə idik. Hesabı bərabərləşdirmək, yaxud irəli çıxmaq üçün az qalan addımı atmaq lazım gələndə, həmin gün nəsə alınmırdı. Nədənsə ötürmə heç yaxşı getmirdi. Bu da bizdən çoxlu əsəb və güc aparırdı. Biz daim vəziyyəti düzəltməyə çalışırdıq, ancaq alınmırdı. Bizimlə oyuna təxminən 1 həftə qalmış “Lokomotiv”də baş məşqçi dəyişdi. Yəqin ki, bu, oyunçularına əlavə motivasiya verdi. Onlar özlərini baş məşqçilərinin qarşısında ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Çox aqressiv oynayırdılar, üstəlik, tribunalar onları dəstəkləyirdi.

- Azərbaycan komandasının səviyyəsini necə dəyərləndirərdiniz?
- Sözsüz ki, biz tam fərqli səviyyə komandalarıq. Hesab edirəm ki, bunu hətta müqayisə etməyə dəyməz. Ola bilər ki, mən bu sualda həddən artıq subyektivəm, çünki öz qızlarıma inanıram. Ancaq fikrimcə, çox mütəxəssislər mənimlə razılaşarlar ki, “Dinamo” səviyyəsinə, oyun keyfiyyətinə görə “Lokomotiv”dən bir addım irəlidədir. Onu başa düşmək lazımdır ki, hər gün maksimum gücünü göstərmək mümkün deyil. Üstəlik, sən daim yoldasan və əsəbi gərginlikdəsən. Mən heç bir bəhanə axtarmıram, ancaq bu, belədir. Mənim qızlarım hər gün bütün gücləri ilə oynaya bilməzlər. Konkret bu matçda lazımı səviyyədə oynamağımız alınmadı. Ancaq belə olur. Mən həmişə təhlil edirəm. Düzdür, indi mənə konkret səbəbi demək çətindir. Yalnız onu təkrarlaya bilərəm ki, “Lokomotiv” kimi rəqibi yenmək üçün həddən çox səhvə yol verdik. Onlar da öz növbəsində yaxşı oyun keçirdilər. Mən indi keyfiyyət haqda danışmıram. Çünki 1 həftəyə heç bir komanda zərbələrinin gücünü xeyli artıra, yaxud onların istiqamətini dəyişə bilməz. Mən aqressivliyi nəzərdə tuturam. Onlar əvvəldən aktiv və riskli oynamağa başladılar. Sonda buna görə mükafatlandırıldılar. Biz isə öz oyunumuzu tapa bilmədik. Eyni heyətlə üç cəbhədə - ölkə çempionatında, Rusiya kubokunda və Çempionlar Liqasında oynamaq çox çətindir. Səndə olan bütün insanlar istifadə olunmalıdır. Əgər hansısa anda bir şeyi yolunda olmadısa, əsas oyunçunun yerinə digəri gəlib, onu əvəzləməlidir.

- Komanda bu üzücü məğlubiyyəti necə qəbul etdi? Siz oyundan sonra qızlara nə dediniz – söydünüz, yoxsa sakitləşdirdiniz?
- Məğlubiyyətlər olanda, mən adətən qızları nə söyürəm, nə də sakitləşdirirəm. Mən oyunun təhlilini aparıram. Əlbəttə, hamı həyəcan keçirirdi. Yalnız mən, yaxud ayrılıqda hansısa oyunçular yox, tamamilə hamı. Məhz buna görə komandanı qiymətləndirirəm. İnsanlar dostdurlar, qələbəyə birgə gedirlər və məğlubiyyətin həyəcanını birgə keçirirlər. Bu məğlubiyyət bizi bir az o planda işimizi çətinləşdirdi ki, artıq həmin oyunda turnirin növbəti mərhələsinə çıxmaq vəzifəsini həll etmək olardı. İndi bu məsələ hələ ki açıq qalır. Növbəti oyunlarımız daha həyəcanlı və gərgin olacaq. Onlar bizi tonusda saxlayacaq. Digər tərəfdən, bu vəziyyətə pozitiv baxmaq olar. Ola bilər ki, belə olmağıl hətta yaxşıdır. Çünki qızlar bir daha gərgin vəziyyətdə oynayacaqlar, məşq edəcəklər, hansısa taktiki variantları sınayacaqlar.