Uduzmayan 2 klub qaldı - YENİLƏNİB
07.11.2012 - 20:34
Uduzmayan 2 klub qaldı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Super Liqanın III turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan turda “Lokomotiv” istirahət edib.

Günün mərkəzi oyunu “Bakı-Azəryol”la “Rabitə” arasında olub. Əslində, digər liderlərin autsayderlə oynaması bu matçı daha maraqlı etsə də, son illərin dəyişməz Azərbaycan çempionu növbəti 3 xalı qazanmaqda ciddi çətinliklə üzləşməyib. Bu qarşılaşmaya kimi top fərqinə görə turnir cədvəlinə başçılıq edən və oktyabrda dünya çempionatı ərəfəsində “Rabitə”yə yoldaşlıq görüşündə qalib gələn (3:2) “Bakı-Azəryol” 1:3 hesabı ilə uduzub.

Belə ki, görüş Marçello Abbondanzanın yetirmələrinin üstünlüyü ilə başlayıb. İkinci texniki fasilədən öncə 8 xal önə çıxan (15:7) “Rabitə” yekunda da eyni xal fərqi ilə ilk seti aktivinə yazıb.

İkinci hissə isə daha dramatik alınıb. “Bakı-Azəryol” düşdüyü çətin vəziyyətdən çıxmağı bacarıb. Onlar rəqiblərindən yaxşı oyun nümayiş etdirərək, hətta 6 xal irəli çıxıblar – 13:7. Lakin bundan sonra Marçello Abbondanza taym-aut götürərək, görüşün axarını dəyişib və setin sonlarında “Rabitə” önə keçib – 24:23.

Məğlubiyyətlə barışmaq istəməyən “Bakı-Azəryol” isə əzmkarlıq sayəsində yenidən inamlı təsir bağışlayıb. Onlar hesabı öz xeyrinə dəyişdikdən (25:24) sonra xalaxal prinsipi işə düşüb. Lakin yekunda daha dəqiq oynayan Aleksandr Çervyakovun yetirmələri Azərbaycan çempionatında demək olar ki, rast gəlinməyən hesabla (34:32) set fərqində geriliyi aradan qaldırıb – 1:1.

Üçüncü hissədə “Rabitə” yenidən təşəbbüsü ələ alıb. Hər 2 texniki fasilədə 5 top irəlidə olan komanda bu dəfə də ilk setdəki hesabla qalib gəlib – 25:17.

Növbəti hissə oyunun hesabını müəyyənləşdirib. 25:21 hesablı qələbə “Rabitə”yə ardıcıl 2-ci 3 xalı qazandırıb. “Bakı-Azəryol” isə mövsümdə ilk xal itkisi ilə üzləşib.

***

Turun ikinci görüşündə “Azərreyl” “Lokomotiv Biləcəri”ni sınağa çəkib. Alessandro Çiappininin komandası rəqibə heç bir şans verməyib. Düzdür, autsayderin yeni baş məşqçisi Con Nikolakis onlarla oyunda debüt edəcəyindən “Lokomotiv Biləcəri”nin layiqli müqavimət göstərəcəyi proqnozlaşdırırdı. Lakin Çempionlar Liqasının iştirakçısı bunun hələ tez olduğunu sübuta yetirib.

Qarşılaşmaya gəlincə, görüş bərabər səviyyədə başlayıb. İlk setin birinci texniki fasiləsində də “Azərreyl” cəmi 2 xal irəlidə olub. Lakin bundan sonra Alessandro Çiappininin yetirmələri “Lokomotiv Biləcəri”ni meydana çıxmağa peşman edib. İkinci texniki fasilədə xal fərqini 7-yə çatdıran “Azərreyl” sonda 25:11 hesabı ilə qalib gəlib.

Növbəti hissə isə daha asan alınıb. İlk turda “İqtisadçı”ya uduzan “Azərreyl” heyfini Biləcəri klubundan çıxıb. Nəticədə onlar ikinci seti 15 xal üstün tamamlayıblar – 25:10.

Bundan sonra “Lokomotiv Biləcəri” oyununu bir qədər yaxşılaşdırıb. Onlar hətta 3-cü hissənin ilk texniki fasiləsinə öndə çıxıblar - 8:7. Amma bunun ardını gətirə bilməyiblər. Daha təcrübəli voleybolçulardan təşkil olunan “Azərreyl” sonda ilk qələbəsini rəsmiləşdirib – 3:0.

***

Bu mövsüm hələ uduzmayan “İqtisadçı” da növbəti qələbəsini qazanıb. Onlar gənclərdən qurulmuş “Telekom”a qalib gəliblər.

Əslində matçın startında onların “quru hesablı” qələbə qazanacaqlarını söyləmək çətin idi. Çünki ilk hissədə “Telekom” gözəl oyunu ilə fərqlənirdi. Lakin texniki fasilələrə öndə çıxan (8:6, 16:11) debütant üstünlüyünü qoruya bilməyib. Onlar sonda təcrübəsizliyin “qurbanı” olublar və “İstisadçı” seti aktivinə yazıb – 25:22.

Ardınca “Telekom” çətin anlar yaşayıb. Əsas məqsədi oyun təcrübəsi qazanmaq olan klub ilk texniki fasiləyə 2 top geridə yollansa da, yekunda 16 top fərqi ilə uduzub.

Bundan daha da ruhlanan “İqtisadçı” isə üçüncü hissəni də qazanmaqda çətinlik çəkməyib və turu yenə 3 xalla başa vurub.

***

Beləliklə, III turdan sonra uduzmayan 2 komanda qalıb. Onlardan “İqtisadçı” 3 oyun keçirərək, maksimum xalla turnir cədvəlinə başçılıq edir. Universitet klubunu izləyən “Rabitə” də hələ xal itirməyib. Son çempionlar “tələbələr”dən 1 oyun az keçirdiyindən ikinci yerdədirlər. İlk “üçlüyü” isə “Bakı-Azəryol” tamamlayır.

7 noyabr
III tur

“BAKI-AZƏRYOL” – “RABİTƏ” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
Hakimlər: Vüqar Cəfərov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Elmin Abdullayev, Dilqəm Qəhrəmanov, Zaur Hacıyev

“AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:10, 25:12)
Hakimlər: Murad Abdurəhmanzadə, Eldar Zülfüqarov
Xətt hakimləri: Pərviz Mansimov, Rüstəm Cəfərov, Fikrət Axundov, Cəlil Cəlilov

“İQTİSADÇI” – “TELEKOM” - 3:0 (25:22, 25:9, 25:21)
Hakimlər: Ceyhun İsmayılov, Səbuhi Əliyev
Xətt hakimləri: Emil Əmirxanlı, Fuad Hacıyev, Ruhid Xəlilov, Səməndər Eyvazov


İqtisadçı
3
3
0
9-1
252-191
9
Rabitə
2
2
0
6-2
197-175
6
Bakı-Azəryol3217-4262-2326
Azərreyl
2
1
1
4-3
174-135
3
Lokomotiv
2
1
1
4-3
161-138
3
Lokomotiv Biləcəri
3
0
3
2-9
152-248
0
Telekom
3
0
3
0-9
146-225
0