Luna Karokki: Azərbaycan çempionatı yüksək səviyyədədir
07.11.2012 - 14:42
Luna Karokki: Azərbaycan çempionatı yüksək səviyyədədir
“İtaliya və oradakı doğmalarım üçün çox darıxmışam. Artıq müəyyən müddətdir Bakıdayam”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in italiyalı voleybolçusu Luna Karokki deyib.

Azərbaycan millisinin üzvü Valeriya Korotenkonun əvəzedicisi olan 23 yaşlı libero Super Liqanın səviyyəsinin yüksək olduğu qənaətindədir: “Azərbaycan çempionatı yüksək səviyyədədir. Rəqiblərimiz də kifayət qədər güclüdür. Məsələn, Tailand millisinin voleybolçuları “İqtisadçı”da cəmlənib. “Villa Kortese”dən yaxşı tanıdığımız baş məşqçi Marçello Abbondanza və Auera Kruz da “Rabitə”də yenə birgədir. Bir sözlə, mövsüm gərgin və maraqlı keçəcək”.

O, İtaliya mətbuatına verdiyi açıqlamasında “Azərreyl” və komanda yoldaşları barədə məlumat verib: “Əlbəttə, klubumuzda kapitan Sara Anzanello İtaliyadan mənə tanışdır. Onunla yanaşı, hollandiyalı Manon Flier, həmçinin amerikalı Meqan Hodjun təqdimata ehtiyacı yoxdur. Digər voleybolçularımız da kifayət qədər tanınmış simalardır. Komandamızda haradasa 10-a yaxın ölkədən iştirakçı var. Hamımız uğur üçün bütün gücümüzü sərf edəcəyik”.