“Heç bir rəqibi rahat buraxmayacağıq”
11.11.2012 - 12:53
“Heç bir rəqibi rahat buraxmayacağıq”
“Tamaşaçılar əla matç izlədilər. Lakin bu bizim üçün heç də belə alınmadı. Çünki komandamız yaxşı oynamadı”. Bunu apasport.az saytına açıqlamasında “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.

Türkiyəli mütəxəssis Super Liqanın IV turunda “Rabitə” ilə oyuna münasibət bildirib. Onun sözlərinə görə, mövsümdə ilk məğlubiyyət ağır olsa da, yetirmələrindən razı qalıb: “Yaxşı oynamadan belə mübarizə aparmağımız gözəldir. Xüsusilə də top fərqi ilə geridə olarkən ikinci hissədə bərabərliyi təmin etdik. Düzdür, uduzduq. Amma deyərdim ki, biz ciddi nəsə itirmədik. Çünki Super Liqa uzun bir marafondur və “Rabitə” ilə hələ 3 görüşümüz var. Bir daha təkrar edirəm ki, biz pis oynadığımız halda rəqiblə başabaş mübarizə aparırıqsa, güclü komandayıq”.

O bildirib ki, komanda tam yığıldıqdan sonra hamı fərqli “İqtisadçı” görəcək: “Cəmi 8 oyunçumuz var. Heyətimiz tamamlandıqdan sonra – oyunçu dəyişmək imkanımız olduğu zaman biz heç bir rəqibi rahat buraxmayacağıq. Hazırda voleybolçularımız yorulduğu zaman onları əvəzləmək imkanımız yoxdur. Amma inşallah heyətimiz tamamlandıqdan sonra fərqli bir komandanı görəcəksiz”.

Qeyd edək ki, “İqtisadçı” “Rabitə”yə 1:3 hesablı məğlubiyyətdən sonra liderliyi rəqibinə təhvil verib.