Bülənt Karslıoğlu: Bu, bizim üçün problem deyil - MÜSAHİBƏ
12.11.2012 - 15:11
Bülənt Karslıoğlu: Bu, bizim üçün problem deyil - MÜSAHİBƏ
“İqtisadçı” voleybol klubunun baş məşqçisi Bülənt Karslıoğlunun apasport.az saytına müsahibəsi

- CEV kubokunun 1/8 finalında “Omiçka” ilə oyun öncəsi Super Liqada “Rabitə”yə məğlub olduz. Mövsümdə ilk üzüntünüz komandada psixoloji çətinlik yaratmayacaq ki?
- Mən belə deməzdim. Super Liqa uzun bir marafondur və “Rabitə” ilə hələ 3 dəfə oynayacağıq. Heç bir komanda yenilməz deyil, hər biri məğlub olacaq. Bunun üçün hazırda əsas məqsədimiz “Omiçka” səddini keçməkdir.

- Transferləriniz də yekunlaşmayıb. Heyəti nə vaxt tamamlamağı planlaşdırırsız?
- Bunu tezliklə edəcəyik. Cəmi 8 nəfərlik heyətimiz var. Matçda hansısa yorulduqda əvəzləməyə oyunçu yoxdur.

- Onda komandada yer alan braziliyalılar - Karol Qattazla Ana Tyemini yola salmağın səbəbi nə idi?
- Biz onlardan birini - Qattazı göndərdik. O, komandaya adaptasiya ola bilmədi. Çünki bizim oynadığımız voleybolla Braziliya voleybolu fərqlənir. Komanda hazırda sürətli oyuna üstünlük verir və Karol da buna uyğunlaşa bilmədi. Digərini məşqlərə dəvət etmişdik. Lakin biz istədiyimiz səviyyədə hazır deyildi. Komandaya isə formada olan voleybolçu lazımdır. Hazır oyunçular gəlməsə qarşıdakı oyunları necə oynayacağıq? Transfer haqqımız niyə dolmalıdır?

- “Gözaltı” etdiyiniz varmı?
- Gözləyirik, gələcəklər. Seçib ən yaxşıları ilə anlaşma imzalayacağıq.

- Onlar hansı ölkələrdəndir? Yəqin ki, komandada əsasən asiyalılar cəmləşdiyindən bu qitənin oyunçularına üstünlük verəcəksiz...
- Bəli, asiyalı da var, avropalı da. 3-4 voleybolçu gələcək, yoxlayacağıq.

- Sabah qarşılaşacağınız “Omiçka” ilə matçdan nə gözləyirsiz?
- Biz ancaq qələbə barədə fikirləşirik. Çünki bütün oyunlarda hamımız yalnız buna köklənirik.

- Azərbaycan klubları da heç vaxt “Omiçka” ilə dueldən məğlub ayrılmayıblar, həmişə mərhələ adlayıblar. Yəqin bu barədə məlumatınız var...
- O vaxtkı “Omiçka” ilə indiki eyni deyil. Hazırkı komanda çox dəyişib və güclənib. Biz bunu bilirik. Lazımı məlumatları toplamışıq. Əsas məqsədimiz də mərhələ adlamaqdır.

- Bunun üçün rəqibi Bakıda məğlub etmək lazımdır ki, Rusiyaya rahat yollanasız...
- Bu, bizim üçün problem deyil. Komanda öz oyununu oynayır. Yəni yetirmələrimin ev, səfər çətinliyi yoxdur. Eyni mübarizəni aparırıq.