1/8 finalda ilk sınaq
12.11.2012 - 16:39
1/8 finalda ilk sınaq
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk görüşləri olacaq. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubu evdə, “Bakı-Azəryol” komandası isə səfərdə qüvvəsini sınayacaq.

Bülənt Karslıoğlunun yetirmələri Rusiya “Omiçka”sı ilə üz-üzə gələcək. Voleybol Mərkəzində baş tutacaq matçın çətin keçəcəyini əvvəlcədən də söyləmək olar. Çünki hər 2 komanda mərhələ keçməyə iddialıdır. Natalya Məmmədovanın da heyətində yer aldığı Omsk təmsilçisi Azərbaycan təmsilçiləri ilə matçlarda uğursuzluğa düçar olduğundan “İqtisadçı”nın şansı bir qədər yüksəkdir. Həm də təmsilçimiz evdə oynadığından qələbə vacibdir. Çünki əks halda səfərdə mərhələ keçmək asan olmayacaq.

“Bakı-Azəryol” isə “Rote Raben”lə münasibətinə aydınlıq gətirəcək. Komandamızın Almaniya səfərindən qələbə ilə dönməsi inandırıcı görünmür. Çünki rəqib kifayət qədər güclüdür və hazırda yaxşı formadadır.

Amma hər halda Aleksnadr Çervyakovun komandası Filsbiburqda qələbə qazanarsa, bu da sensasiya olmayacaq. Stabil çıxış etməyən klubdan hər 2 nəticəni gözləməyə dəyər. Hər halda cütün qalibi Bakıda müəyyənləşəcək ki, “Bakı-Azəryol” də bundan lazımınca yararlana bilər.


CEV kuboku
1/8 final, ilk oyunlar


13 noyabr
20:00. “İQTİSADÇI” (AZƏRBAYCAN) – “OMİÇKA” (RUSİYA)
Hakimlər: Yasek Hojkaya (Polşa), Salvis Kutiss (Latviya)
Bakı, Voleybol Mərkəzi

14 noyabr
23:00. “ROTE RABEN” (ALMANİYA) - “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN)
Hakimlər: Domromir Dobrev (Bolqarıstan), Koen Luts (Belçika)
Filsbiburq, Ballşorthalle

Qeyd edək ki, cavab oyunları 1 həftə sonar olacaq.