“İqtisadçı” “Omiçka”ya da gücünü göstərdi
13.11.2012 - 21:41
“İqtisadçı” “Omiçka”ya da gücünü göstərdi
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, öncə mübarizəyə başlayan təmsilçilərimizdən “İqtisadçı” Rusiyanın “Omiçka” klubu ilə qarşılaşıb.

Voleybol Mərkəzində baş tutan matçın yalnız I hissəsi gərgin və maraqlı keçib. Natalya Məmmədovanın da heyətində yer aldığı Omsk təmsilçisi çətinliklə də olsa, bu seti aktivinə yazıb.

Bundan sonra da qonaqların qələbə qazanacaqları gözlənilirdi. Lakin Bülənt Karslıoğlunun etdiyi taktiki gedişlər görüşün axarını tam dəyişib. Nəticədə ikinci hissəni 14 xal öndə bitirən “İqtisadçı” ardınca 25:20 hesablı qələbəyə sevinib.

Yerli azarkeşlərin dəstəyindən ilham alan komanda 3-cü hissədə daha baxımlı oyun göstərib. Bütün mövqelərdə, xüsusilə də müdafiədə inamlı olan təmsilçimiz bu dəfə seti 25:20 hesabı ilə aktivinə yazıb.

Beləliklə, “İqtisadçı” bir daha sübut etdi ki, “Omiçka” Bakıda qələbə qazanmaq gücündə deyil. Artıq komandamız səfər görüşünə rahat yollana bilər. Orada uduzsa belə, “Qızıl set”ə ümid böyükdür.

İkinci görüş noyabrın 21-də olacaq.


CEV kuboku
1/8 final, ilk oyunlar


13 noyabr
“İQTİSADÇI” (AZƏRBAYCAN) – “OMİÇKA” (RUSİYA) - 3:1 (22:25, 25:11, 25:20, 25:17)
Hakimlər: Yasek Hojkaya (Polşa), Salvis Kutiss (Latviya)
Bakı, Voleybol Mərkəzi


Sabah isə mübarizəyə “Bakı-Azəryol” qoşulacaq. Komandamız Almaniyada “Rote Raben”lə qarşılaşacaq.