“Qisas almağa və mərhələ adlamağa inamım var”
14.11.2012 - 11:07
“Qisas almağa və mərhələ adlamağa inamım var”
“İqtisadçı” heç nədən qələbə qazandı. Biz ilk seti çox yaxşı keçirdik. Bundan sonra komandanın oyunu alınmadı və biz ardıcıl bir neçə xal itirməyə başladıq”. Apasport.az saytının məlumatına görə, bunu CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı” ilə qarşılaşmadan sonra “Omiçka” klubunun baş məşqçisi Zoran Terziç deyib.

Rusiya təmsilçisinin serbiyalı çalışdırıcısı Bakı komandasına 1:3 hesablı məğlubiyyətin səbəbi kimi səhvlərini göstərib: “Konkret olaraq hansı oyun elementində uduzduğumuzu deyə bilmərəm. Sadəcə olaraq, komanda müdafiə, hücum və ya ötürmələr zamanı səhvlərə yol verdi. Hazırkı durumda bütün bunlar bizim əsas problemlərimizdir. Biz daha yaxşı oynamaq üçün məhz bu cəhətlər üstündə işləməliyik”.

O klubunun rəsmi saytına verdiyi açıqlamasında cavab oyununda qisas alacaqlarına inandığını deyib: “Təəssüflər olsun ki, səhvləri aradan qaldırmaq üçün məşqlərdə o qədər çox vaxtımız olmayacaq. Ancaq ən azından Omskdakı görüşdə daha güclü görünmək üçün çalışacağıq. Əgər cavab oyunu haqda danışmalı olsam, onda deyə bilərəm ki, məğlubiyyətin qisasını almağa və mərhələ adlamağa inamım var”.

Qeyd edək ki, cavab oyunu noyabrın 21-də olacaq.