“Azərreyl” rəqibinə divan tutdu - YENİLƏNİB
14.11.2012 - 19:54
“Azərreyl” rəqibinə divan tutdu - YENİLƏNİB
Bu gün “Azərreyl” Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, voleybolçularımız Polşanın “Tauron” klubunu sınağa çəkib.

II turda “Əczaçıbaşı”ya uduzan Alessandro Çiappininin yetirmələri qisasını polşalılardan alıb. Bakıda məğlubiyyəti sevməyən “dəmiryolçular” qarşılaşmadan 3 xalla ayrılıblar.

Düzdür, görüşün ilk setində üstün tərəf rəqib olub. “Azərreyl”in birinci texniki fasiləyə 2 top öndə çıxmasına baxmayaraq, qonaqlar təşəbbüsə yiyələnib və hissəni aktivlərinə yazıblar.

Bu məğlubiyyət isə Alessandro Çiappinin yetirmələrini “yuxudan” ayıldıb. Voleybolçularımız bütün mövqelərdə inamlı təsir bağışlayaraq, “Tauron”u çətin vəziyyətə salıb. Nəticədə rəqib top qəbul etməkdə belə aciz qalıb. Bundan məharətlə istifadə edən “Azərreyl” 13 top fərqi ilə qalib gəlib.

Üçüncü set daha gərgin alınıb. Gah Bakı təmsilçisi, gah da polşalılar önə çıxıblar. Lakin sonda sevinən tərəf komandamız olub – 25:20.

Növbəti hissədə isə qarşılaşmanın hesabı müəyyənləşib. Bu dəfə də daha yaxşı oynayan “Azərreyl” “Tauron”un hələ zəif olduğunu üzə çıxarıb.

Beləliklə, 3:1 hesabı ilə qalib gələn “dəmiryolçular” xallarının sayını 6-ya çatdırıb. Bu onların turnir cədvəlində 2-ci yerdəki mövqeyini möhkəmlətmək üçün kifayət edib. Çünki “Azərreyl”dən 1 oyun az keçirən “Əczaçıbaşı” setlərin fərqində təmsilçimizi qabaqlayır.


D qrupu
14 noyabr

“Azərreyl” (Azərbaycan) – “Tauron” (Polşa) - 3:1 (22:25, 25:12, 25:20, 25:17)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Andrey Zenoviç
Bakı, Voleybol Mərkəzi

Əczaçıbaşı
2
2
0
6-1
170-141
6
Azərreyl
3
2
1
6-5
252-219
6
Dresdner
2
1
1
4-5
176-205
2
Tauron
3
0
3
4-9
265-298
1


Qeyd edək ki, qrupun digər görüşündə “Dresdner” (Almaniya) “Əczaçıbaşı” (Türkiyə) ilə üz-üzə gələcək.