Katarjina Skorupa: İstəyimiz heç kimə sirr deyil - MÜSAHİBƏ
14.11.2012 - 18:23
Katarjina Skorupa: İstəyimiz heç kimə sirr deyil - MÜSAHİBƏ
“Rabitə”nin voleybolçusu Katarjina Skorupa Çempionlar Liqasında “Atom”la oyundan sonra Polşada yerli jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, toppaylayıcımız vətənində Bakı təmsilçisinin hədəflərini bir daha açıqlayaraq, öz oyununa münasibət bildirib.

- Çempionlar Liqasında 3-cü görüşünüzü 3 xalla bitirdiz. “Atom”la oyun və qrupdakı vəziyyətiniz barədə nə deyə bilərsiz?
- Biz nəticədən və qazandığımız 3 xaldan çox razıyıq. Çünki “Atom” ciddi rəqiblərimizdəndir. Qızlar onların çoxsaylı hücumlarının qarşısını inamla alaraq, əsl əzmkarlıq nümayiş etdirdilər. Biz bir neçə dəfə səhvlərə də yol verdik. Lakin sonda məyusluq yaşamadıq. Qalib gələrək, lazımı nəticəni qazandıq. Bununla da qrupda liderliyimizi davam etdirik.

- Komandanız Çempionlar Liqasında hansı mərhələyə kimi irəliləməyi planlaşdırır?
- Bizim Çempionlar Liqasını qazanmaq istəyimiz heç kimə sirr deyil. Düzdür, yarışda kifayət qədər güclü komandalar var. Lakin qələbə üçün sona kimi döyüşəcəyik. Məqsədimizə nə dərəcədə nail olacağımızı isə zaman göstərəcək.

- Vətənə gəlişiniz zamanı ailənizə baş çəkdinizmi?
- Bəli, onlar məni çox isti qarşıladılar. Əsas odur ki, vətənimə gəlmək imkanım oldu. Polşa havasını qəbul etmək belə çox gözəldir (gülür). Qarşılaşmanın gedişində də bu barədə düşündüm.

- Oyununuz barədə nə deyə biləsiz?
- Hər oyuna əminliklə çıxıram. Çünki istəyirəm ki, özümü ən yaxşı səviyyədə göstərəm.

- Siz Polşada, ardınca İtaliyada oynamısız. Azərbaycana uyğunlaşmaq çətin deyil ki?
- Bəli, çətinlik var. Bakıda yaşamaq Polşa və İtaliyadan fərqlidir. Buna sadəcə öyrəşmək lazımdır. Bu, Azərbaycana gələn çox voleybolçuda da özünü göstərir. Fikrimcə, özümü yaxşı tərəfdən göstərə biləcəm.