“İqtisadçı”dan növbəti transfer! – FOTO
16.11.2012 - 17:46
“İqtisadçı”dan növbəti transfer! – FOTO
“İqtisadçı” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Tailand millisinin 7 üzvünün yer aldığı komanda daha bir asiyalı voleybolçu ilə anlaşıb.

Bu, Çin millisinin sabiq üzvü Hao Yanqdır. 32 yaşlı oyunçu ilə mövsümün sonuna kimi razılığa gəlinib və bugünlərdə rəsmi müqavilə imzalanmalıdır.

2001-2008-ci illərdə yığmasının heyətində Afina Olimpiadasının çempionu olan yeni transfer Pekin Olimpiya Oyunlarının bürünc medalını qazanıb. O, həmçinin dünya (2003) çempionatının, dünya Qran-prisinin (2003) və Asiya kubokunun (2008) çempionu, Asiya Oyunlarının 2 qat (2002, 2006) və Asiya çempionatının 3 qat (2001, 2003, 2005) qalibidir. Bundan əlavə, 182 sm boya malik voleybolçu 3 dəfə dünya Qran-prisinin gümüş mükafatçısı (2001, 2002, 2007), bürünc medalçısı (2005) və Asiya çempionatının üçüncüsü olub.

Bu yarışlarda müxtəlif nominasiyalarda (ən dəyərli voleybolçu, ən yaxşı hücumçu, topu oyuna ən yaxşı daxil edən) ən güclü adına yiyələnən Hao klub karyerasında “Liaoninq” (Çin, 1991-2008) və “Peruca” (İtaliya, 2008-2009) şərəfini qoruyub. 2005-ci ildə Çin çempionu adına layiq görülüb. 2009-cu ildən sonra voleybolda səhnəsindən çəkilən hücumçu yenidən karyerasını bərpa edib.

Qeyd edək ki, Haonun “İqtisadçı”da debütü çox güman Super Liqaya təsadüf edəcək. Çünki o, CEV kubokunda “İqtisadçı” ilə oyuna uyğunlaşması çətindir. Universitet komandasının yeni transferi Azərbaycanda da ilk çinli kimi tarixə düşəcək.