“İqtisadçı”da daha 2 yeni transfer - FOTO
19.11.2012 - 13:55
“İqtisadçı”da daha 2 yeni transfer - FOTO
“İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, həftəsonu çinli Yanq Hao ilə razılığa gələn universitet komandası daha 2 transferini rəsmiləşdirib.

Bunlar Dominikan Respublikası yığmasının üzvü Niverka Marte və Kolumbiya millisinin oyunçusu Paola Ampudiadır. Hər 2 voleybolçu ilə mövsümün sonuna kimi razılıq əldə olunub.

22 yaşlı Marte karyerasında ilk dəfə ölkəsindən kənarda oynayacaq. “İqtisadçı”ya kimi “Deportivo Nacional” (2004, 2007-2008), “Modeka” (2005), “Mirador” (2006, 2010), “Aviasion” (2006) və “Distrito Nacional” (2007-2010) klubunun şərəfini qoruyan toppaylayıcı 2008-ci ildən millisində çıxış edir. 18 və 20 yaşlılar arasında dünya və Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatının finalında oynayan Niverka böyüklər arasında Panamerika Oyunlarının qalibi (2008, 2010, 2012 (sonuncu U-23)), finalçısı (2009, 2011), NORCECA çempionu və bir sıra digər titullara malikdir.

Klub karyerasında Dominikan Respublikasının 3 dəfə (2006, 2007, 2008) qızıl medallarına layıq görülüb. Yığmanın heyətində dəfələrlə şəxsi nominasiyalarda fərqlənən voleybolçunun boyu 178 sm-dir.

Ampudia isə 1988-ci il təvəllüdlüdür. 185 sm boya malik oyunçu İtaliyanın “Pesaro” klubundan gəlib. O daha öncə daha 2 ölkədə legioner həyatı yaşayıb: 2009-2010 mövsümündə ABŞ-ın Missouri, 2010-2011-ci ildə Puerto-Rikanın “Ponse Leonas” klublarının şərəfini qoruyub.

Beləliklə, “İqtisadçı”da voleybolçuların sayı 13-ə çatıb. 2 yeni transferdən öncə həmyerlimiz İndira Abdullayeva, tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Nutsara Tomkom, Vanna Buakeva, amerikalı Nansi Metkalf, belaruslu Natalya Qonçarova və çinli Yanq Hao da Bakı təmsilçisinin heyətində yer alırdı.