“Qızıl set”də qızıl qələbə! - YENİLƏNİB
20.11.2012 - 20:28
“Qızıl set”də qızıl qələbə! - YENİLƏNİB
Bu gün “Bakı-Azəryol” CEV kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, Aleksandr Çervyakovun yetirmələri paytaxtda Almaniya “Rote Raben”i ilə üz-üzə gəliblər.

Gözlənildiyi kimi, azarkeşlər baxımlı matç izləyiblər. İlk qarşılaşmadan sonra təmsilçimizin şansı az qiymətləndirilsə də, onlar fanatlarının dəstəyi sayəsində zəif olmadıqlarını nümayiş etdiriblər. Bunun üçün Bakı təmsilçisi öncə səfərdəki məğlubiyyətin əvəzini çıxıb, ardınca “Qızıl set”də layiqli qələbə qazanıb.

Düzdür, “Bakı-Azəryol” ilk seti uduzsa da, ardıcıl 2 hissədə qələbə qazanmaqla önə keçib. Lakin 4-cü setdə rəqib yenidən təşəbbüsə yiyələnib. Voleybolçularımız arxayınçılığın qurbanı olublar – 2:2. Tay-brekdə isə təmsilçimiz üçün qələbə vacib idi ki, voleybolçularımız da bunu qazanmaqda çətinlik çəkməyiblər.

Nəticədə cütün taleyi “Qızıl set”də həll olunub. Bu dəfə də daha yaxşı oyun nümayiş etdirən “Bakı-Azəryol” 15:10 hesabı ilə “Rote Raben”i məğlub edərək, 1/4 finala yüksəlib. Bu mərhələdə onlar “İqtisadçı” (Azərbaycan) – “Omiçka” (Rusiya) cütünün qalibini gözləyir.


CEV kuboku
1/8 final, cavab oyunları


20 noyabr
“BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) - “ROTE RABEN” (ALMANİYA) - 3:2 (21:25, 25:18, 25:20, 16:25, 15:7)
Qızıl set - 15:10
Hakimlər: Mehmet Dəmirdələn (Türkiyə), İlya Penkov (Bolqarıstan)
Bakı, Voleybol Mərkəzi