Alessandro Çiappini: Bizim üçün təhlükəli düşmən elə özümüz idik
21.11.2012 - 15:15
Alessandro Çiappini: Bizim üçün təhlükəli düşmən elə özümüz idik
“Öncə rəqibi qələbə münasibəti ilə təbrik etmək istəyirəm. Çünki onlar 0:2 hesabı ilə uduzduqları oyunda qələbə qazanacaqlarına sonadək inandı”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Tauron”la oyundan sonra “Azərreyl”in baş məşqçisi Alessandro Çiappini deyib.

İtaliyalı çalışdırıcı daha sonra üçüncü və dördüncü setdə etdikləri səhvlərdən danışıb. Onun sözlərinə görə, məğlubiyyətin əsas səbəbkarı elə özləri imiş: “Üçüncü setdə biz çoxlu səhvlərə yol verdik. Qızlar erkən boşaldı. Rəqib isə özünə gəldi. Belədə biz heç nə edə bilməyib uduzduq. Dəhşətli idi. Biz bu setdə nəsə etməyə çalışsaydıq, onlar bizə qalib gələ bilməzdi. Dördüncü setdə biz oyuna qayıtmaq istədik. Setin əvvəlində hər şey yaxşı idi. Oyun xala xal prinsipi ilə gedirdi. Ancaq birdən çoxlu səhvlər etməyə başladıq. Belə olan halda oynamaq çətin idi. Bizim üçün təhlükəli düşmən elə özümüz idik. Qalib gəlmək üçün ilk iki setdəki üstünlüyümüzü əldən verməməli idik. Nəticələrimizi yaxşılaşdırmaq üçün görüləsi çox işimiz var”.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasının Polşada keçirilən qrup matçında “Tauron”a 2:3 hesabı ilə uduzub.