İoanna Kaçor: Vəziyyət əvvəlki kimi yenə ağırdır - MÜSAHİBƏ
22.11.2012 - 15:36
İoanna Kaçor: Vəziyyət əvvəlki kimi yenə ağırdır - MÜSAHİBƏ
Polşanın “Tauron” klubunun voleybolçusu İoanna Kaçor Çempionlar Liqasının IV turunda “Azərreyl”lə oyundan sonra yerli mətbuata müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 2:3 hesabı ilə uduzduğu matçda komandasının ən məhsuldar oyunçusu olan (20 xal) Avropa çempionatının bürünc medalçısı bu qələbənin xüsusi əhəmiyyət daşıdığını deyib.

- Oyun çətin alınsa da, qalib gəlməyi bacardız. Bununla “qara zolaq”dan da çıxmış olduz...
- Bu qələbə sözsüz ki, komandanın psixoloji durumuna müsbət təsir edəcək. Fikrimcə, asan rəqibə qalib gəlmədik.

- Səfərdə uduzduğunuzdan bunu qisas kimi qiymətləndirmək olarmı?
- Bəli, mən qələbədən razıyam. Əslində, bizim oyunumuz 3-cü setdən başladı. Bundan sonra oyunda dönüş yaradıb, 0:2 hesablı gerilikdən qurtula bildik. Həmin anda meydandakı vəziyyəti düzgün qiymətləndirməklə buna nail olduq.

- Bəs bu qələbə sizin üçün nə dərəcədə lazım idi?
- Bu təkcə komandamız üçün deyil, həm də azarkeşlərimiz üçün vacib idi. Biz sübut etməliydik ki, klubumuz meydanda ürəklə mübarizə aparıb, hər top uğrunda döyüşməyi bacarır. Yəni bu oyunda göstərdiklərimiz heç birimizə yad deyil.

- “Azərreyl” kimi rəqibi məğlub etmək sizin üçün nə deməkdir?
- Bütün rəqiblərlə oyunlar vacibdir. Lakin qələbəni məhz “Azərreyl”lə matçda qazanmağımızın öz özəlliyi vardı. Çünki bu matçdakı istənilən məğlubiyyət bizim yarışla vidalaşmağımıza səbəb ola bilərdi. Etiraf etməliyəm ki, Azərbaycan təmsilçisini udmağımıza baxmayaraq, vəziyyətimiz əvvəlki kimi, yenə ağırdır. Ancaq özümüzə inamımız artıb və Polşa çempionatında da bunun bəhrəsini görəcəyik.