Millimizin oyunçusu üçün çətin marşrut
23.11.2012 - 18:18
Millimizin oyunçusu üçün çətin marşrut
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi Rusiyanın “Omiçka” klubu növbəti həftəni gərgin rejimdə keçirəcək. Apasport.az saytının məlumatına görə, Omsk təmsilçisi 7 gündə 4 oyuna, özü də hamısına səfərdə çıxmalı olacaq.

Məmmədovanın komandası noyabrın 26-dan 28-dək Krasnoyarskda Rusiya kubokunun yarımfinal oyunlarında çıxış edəcək. Orada rəqiblər “Yenisey”, Krasnodar “Dinamo”su və “Ufimoçka-UQNTU” olacaq. Ən güclü komanda dekabrın 22-23-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Dekabrın 2-də “Omiçka” Rusiya çempionatının VIII turunda “Zareçye-Odintsovo”nun qonağı olacaq. Yalnız bundan sonra Omska qayıdacaq komanda dekabrın 6-da CEV kubokunun ¼ final mərhələsinin ilk oyununda “Bakı-Azəryol”u qonaq edəcək.