“Bakıda azarkeşlərə görə oynamaq həmişə çətin olur”
26.11.2012 - 10:39
“Bakıda azarkeşlərə görə oynamaq həmişə çətin olur”
“CEV kubokunda növbəti rəqibimiz olan “Bakı-Azəryol” haqda yalnız onu bilirəm ki, bu, “Azərreyl”in ikinci komandasıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı-Azəryol”un CEV kubokunun ¼ final mərhələsində rəqibi olan “Omiçka” klubunun voleybolçusu Yelena Yuryeva Rusiya mətbuatına müsahibəsində deyib.

O, ölkəmizdə voleybolun səviyyəsi yüksək olduğundan, hər komandaya ciddi yanaşmağı zəruri sayır: “İstənilən halda, Azərbaycanda voleybol yaxşı səviyyədədir. Buna görə rəqibimiz dəqiq zəif komanda deyil. Onunla matça ən ciddi şəkildə köklənəcəyik. Üstəlik, Bakıda həmişə çətin olur. Çünki azarkeşləri öz komandalarını həmişə çox yaxşı dəstəkləyir. Mən hesab edirəm ki, əgər qalib gəlmək istəyirsənsə, heç nədən qorxmaq lazım deyil. Biz yalnız qələbəyə və yaxşı nəticəyə köklənmişik”.

Qeyd edək ki, millimizin voleybolçusu Natalya Məmmədovanın da şərəfini qoruduğu Omsk təmsilçisi bakılılarla ilk oyununu dekabrın 6-da evdə keçirəcək.