“Onu da bacardığımızı deyə bilərəm” - MÜSAHİBƏ
26.11.2012 - 11:35
“Onu da bacardığımızı deyə bilərəm” - MÜSAHİBƏ
Polşanın “Tauron” klubunun voleybolçusu Kristina Straç Çempionlar Liqasında “Azərreyl”ə oyunu yerli mətbuata şərh edib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı libero 0:2 hesabı ilə geridə olarkən 3:2 hesabı ilə qalib gəldikləri görüşdə əzmkarlıqlarını ön plana çəkib. O həmçinin yarışda ilk qələbələrini qazanlarının yerinə düşdüyünü deyib.

- Çempionlar Liqasında “Azərreyl”lə görüşdə qələbə qazanmağınız yerinə düşdü. Bunu necə şərh edərdiz?
- Çempionlar Liqasında “Azərreyl”lə oyunda qələbə kənardan çox asan görünsə də, əslində belə deyildi. Əlbəttə, biz yaxşı oynamağa çalışdıq. Bunu da bacardığımızı deyə bilərəm. Amma qələbə çox çətinliklə əldə olundu.

- Bu qarşılaşmada əsəbləriniz də tarıma çəkilmişdi...
- Qələbə qazanmağımıza baxmayaraq, komandamızda müəyyən əsəb gərginliyi vardı. Bəzi epizodlarda özümüzü aciz hiss edirdik. Bu anlarda heç nə etmək olmasa da, toparlanmağı bacardıq.

- Bu qələbə gözlənilməz olmadı ki?
- Oyundan öncə matçda 3:1 hesabı ilə qalib gələcəyimizi gözləyirdim. Qarşılaşma ərzində də qələbəyə inamımı itirmirdim. Çox şadam ki, inamım həyata keçdi.

- Oyunun əvvəlində xeyli çətinliklə üzləşməyinizi nə ilə izah edərdiz?
- Matçın startında Bakı təmsilçisinin üzvləri topu oyuna çox yaxşı daxil edirdi. Bu bizi xeyli gərginlikdə saxladı. Amma çox yaxşı başa düşürdük ki, bu hələ oyunun bir hissəsidir. Dediklərim rəqibdən zəif olmağımız anlamına gəlməməlidir. Biz də sona kimi mübarizə aparıb, yekunda istəyimizə çatdıq.