“Modena”nı Bakı klubuna dəyişdi
26.11.2012 - 18:16
“Modena”nı Bakı klubuna dəyişdi
Mövsümün sürpriz komandası “Lokomotiv” növbəti səs-küylü transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının debütantı Serbiya millisinin voleybolçusu Maya Oqnyenoviçlə anlaşıb.

28 yaşlı toppaylayıcı ilə mövsümün sonuna kimi razılıq əldə olunub. O hələ viza məsələsinə görə Bakıya gələ bilməsə də, həftə ərzində bu problem yoluna qoyaraq, rəsmi müqaviləyə imza atacaq. 183 sm boya malik Oqnyenoviç İtaliyanın “Modena” klubundan transfer olunur.

Maya “Modena”dan öncə Serbiyada “Postar” (2002-2003, 2005-2006), “Srvena Zvezda” (2003-2005), Rumıniyada “Metal Qalati” (2006-2008), İtaliyada “Yesi” (2008-2009), Türkiyədə “Əczaçıbaşı” (2009-2010) və Yunanıstanda “Olimpiakos” (2010-2011) komandalarını formasını geyinib. O, bu klublarla 2 dəfə Serbiya (2002, 2003), Rumıniya çempionatlarının (2007, 2008), 1 dəfə “Çelenc Cup” (2009) və Yunanıstan birinciliyinin qalibi olub. Həmçinin Serbiya kubokunun ən güclüsü tituluna yiyələnən Oqnyenoviç Rumıniyada da 2 dəfə analoji yarışın çempionu adını qazanıb.

2005-ci ildən millisinin şərəfini qoruyan toppaylayıcı bu komanda ilə Avropa çempionu (2011), qitə çempionatı ilə universiadanın gümüş (2007), dünya çempionatı (2006) və dünya Qran-prisinin (2011) bürünc medalını qazanıb. Yığmada 94 oyuna çıxan oyunçu Avropa Liqasının 3 dəfə ən güclüsü olmaqla yanaşı (2009, 2010, 2011), 1 dəfə də bürünc mükafatçısı (2010) olub. Bir neçə dəfə Avropa çempionatının və Liqasının ən yaxşı toppaylayıcısı seçilib.