Kapitan “gəmidən” salınır - FOTO
26.11.2012 - 19:02
Kapitan “gəmidən” salınır - FOTO
Polşalı libero Maqdelina Saadla yollarını ayıran “Lokomotiv” daha bir voleybolçusunu yola sala bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb Serbiya millisinin toppaylayıcısı Maya Oqnyenoviçin transferidir.

Belə ki, 28 yaşlı voleybolçunun gəlişi ilə “dəmiryolçular”da eyni mövqedə oynayanların sayı 3-ə çatıb. Oqnyenoviçdən öncə toppaylayıcı kimi kapitan Diana Nenova və Olqa Palçevskayanın oynadığını nəzərə alsaq, “köhnələr”dən birinin gedəcəyi qaçılmazdır. Həmin oyunçunun Nenova olacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsümdən “Lokomotiv”də çıxış edən bolqarıstanlı Diana buraya “Rabitə”dən gəlmişdi. O, Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olub. Nenova həmiçinin “Rabitə” ilə 2010/2011 mövsümündə Çempionlar Liqasının finalında da oynayıb.