2 illik həsrətə son - YENİLƏNİB
27.11.2012 - 21:24
2 illik həsrətə son - YENİLƏNİB
Bu gün Super Liqada V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Bakı-Azəryol”un istirahət etdiyi gündə mövsümün ilk – “Azərreyl” – “Rabitə” derbisi baş tutub.

Voleybolsevərlərin diqqət mərkəzində olan bu qarşılaşmada hər 2 komandanın qalib gəlmək şansı olsa da, “dəmiryolçular” qələbəni bayram ediblər. Əzəli rəqiblər yeni kollektiv formalaşdırdığından bu derbi daha maraqlı keçib. Prinsipiallığı ilə seçilən görüş öncəsi “Rabitə” rəqibini statistikaya əsasən qabaqlasa da, “Azərreyl” son 2 ildə qalib gələ bilmədiyi komandanı məğlub edərək, uğursuz seriyanı dayandırmağı bacarıb.

Belə ki, oyun “Azərreyl”in hücumları ilə başlayıb. Bunun nəticəsi olaraq, Alessandro Çiappininin yetirmələri ardıcıl 2 xal qazanıblar. Ardınca “Rabitə” oyunda tarazlığı bərpa edib – 4:4.

Dəqiqələr ötdükcə qarşılaşma daha da gərginləşib və xalaxal prinsipi “işə” düşüb. İlk texniki fasiləyə Marçello Abbondanzanın yetirmələri, II texniki fasiləyə “Azərreyl” 1 top öndə yollanıb. Azərbaycan çempionlarından fərqli, “dəmiryolçular” üstünlüklərini sona kimi qoruyublar və hissənin sonunda 25:21 hesabı ilə qalib gəliblər.

Növbəti setdə təşəbbüs “Rabitə”nin tərəfinə keçib. Çempionlar Liqasının finalçısı ardıcıl 3 dəqiq zərbədən sonra səhv etsə də, ilk texniki fasiləyə 5 top irəlidə çıxıb. Onlar növbəti 30 saniyəlik “istirahət”də fərqi hətta 6 topa çatdırıblar. Lakin bundan sonra “Azərreyl” oyununda dönüş yaradaraq, fərqi 2-yə endirib (15:17, 18:20). Bu isə Marçello Abbondanzanın yetirmələrinin çətin vəziyyətdən çıxması ilə nəticələnib. Artıq öz oyununu tapan “Rabitə” ilk hissədəki hesabı təkrarlayıb. Lakin bu dəfə öz xeyrinə.

Əzəli rəqiblər arasında III setdə üstünlüyü yenidən “dəmiryolçular” ələ alıb. Rəqibin oyununu “oxuyaraq” hər 2 texniki fasilədə öndə olan (8:5, 16:10) “Azərreyl” sonda bu hissəni də aktivinə yazıb.

Həmçinin 2 italiyalı mütəxəssisin dueli kimi qiymətləndirilən görüşün IV hissəsi də Alessandro Çiappininin qələbəsi ilə başa çatıb. Setboyu hesabda öndə olan “Azərreyl” görüşü 3 xalla başa vurub.

***

Bu görüşdən öncə “İqtisadçı” “Lokomotiv”i sınağa çəkib. Birincilər hesabat tutunda uduzduqları və CEV kuboku ilə vidalaşdıqları üçün özlərini qələbə ilə sığortalamaq istəklərini həyata keçirə biliblər.

“Lokomotiv” də qalib gəlməklə liderlərdən ayrı düşməməyə çalışsa da, universitet komandası buna imkan verməyib. İlk set nisbətən gərgin alınıb. Birinci texniki fasilədə “İqtisadçı”, ardınca “dəmiryolçular” 1 top öndə olublar. Lakin yekunda müdafiədə inamlı oyun sayəsində Bülənt Karslıoğlunun yetirmələri seviniblər.

İkinci hissədə gözlənilən kimi “Lokomotiv” hesabı bərabərləşdirməyi bacarıb. Amma Cuzeppe Kuçarininin komandasının gücü yalnız 1 setə çatıb. Oyunda tarazlıq yaranandan sonra “İqtisadçı” inanılmaz dərəcədə möhtəşəm oyun göstərib və III hissəni hətta 15 top öndə bitirib. Ardınca 25:20 hesabı ilə qalib gələn komanda mövsümdə 4-cü qələbəsini qazanıb.

***

Tura autsayderlər – “Lokomotiv Biləcəri” – “Telekom” görüşü ilə yekun vurulub. Qarşılaşmada hər 2 komanda birinci qələbəsi üçün döyüşüb. Lakin dueldən debütant qalib ayrılıb. Yarandığı 2 ildə qələbəyə həsrət qalan Biləcəri təmsilçisi 0:3 hesabı ilə uduzaq, bu dəfə də xal qazanmaq arzusunu reallaşdıra bilməyib.

***

Beləliklə, V turdan sonra Super Liqada uduzmayan klub qalmayıb. Əsas rəqiblərindən 1 oyun çox keçirən “İqtisadçı” növbəti qələbə sayəsində yenidən zirvəyə yüksəldiyi halda, “Rabitə”yə qalib gələn “Azərreyl” set fərqinə görə ikinci yerə qalxıb.

27 noyabr
V tur


“İQTİSADÇI” – “LOKOMOTİV” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
“AZƏRREYL” – “RABİTƏ” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
“LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM” - 0:3 (21:25, 20:25, 21:25)

İqtisadçı

5

4

1

13-5

433-369

12

Azərreyl

4

3

1

10-4

345-271

9

Rabitə

4

3

1

10-6

386-360

9

Lokomotiv

4

2

2

8-7

339-306

6

Bakı-Azəryol

4

2

2

8-7

338-333

6

Telekom

5

1

4

3-12

269-362

3

Lokomotiv Biləcəri

4

0

4

2-12

214-323

0