Təmsilçimiz qalib gəlib, məğlublar arasında yer aldı
29.11.2012 - 09:56
Təmsilçimiz qalib gəlib, məğlublar arasında yer aldı
Qadın voleybolçular arasında Rusiya kuboku yarımfinalının qrup mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Dördlər finalı”na yüksələ bilməyib.

İlk 2 matçda 1 qələbə qazanan və 1 dəfə uduzan Omsk təmsilçisi bu dəfə “Ufimoçka”nı 3:2 (17:25, 23:25, 25:23, 25:18, 15:11) hesabı ilə məğlub edib. Nəticədə aktivində 4 xalı olan “Omiçka” ikinci yeri tutaraq, qrupda qalıb. “Dördlər finalı”na Krasnodar “Dinamo”su vəsiqə qazanıb.

Digər qruplardan Çempionlar Liqasında “Lokomotiv”in rəqibi Moskva “Dinamo”su ilə yanaşı, Kazanın eyniadlı təmsilçisi və “Zariçye-Odintsova” bütün rəqiblərindən güclü olublar.

Qeyd edək ki, “Omiçka” CEV kubokunun 1/4 finalında “Bakı-Azəryol”un rəqibidir.