Hamı yerində qaldı - YENİLƏNİB
30.11.2012 - 20:08
Hamı yerində qaldı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Super Liqanın VI turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutan turun mərkəzi matçında “Lokomotiv” “Azərreyl”lə üz-üzə gəlib.

“Dəmiryolçular”ın duelində 3 xalı favorit hesab olunan ikincilər bayram ediblər. Bundan öncə “İqtisadçı”ya uduzan Cuzeppe Kuçarininin yetirmələri məğlubiyyəti unudub, qələbə qazanmaqla Çempionlar Liqasının V turuna qalib kimi yollanmaq istəsələr də, “Azərreyl” buna imkan verməyib.

Görüşə gəlincə, ilk setin əvvəli “Azərreyl”in üstünlüyü şəraitində keçib. Bunun nəticəsi kimi onlar texniki fasilələrə də öndə çıxıblar – 8:6, 16:12. Lakin bundan sonra “Lokomotiv” öz oyununu tapıb. Onlar hətta top fərqini 1-ə endiriblər – 23:24. Amma sonda Cuzeppe Kuçarininin komandasının bəxti gətirməyib. Onlar topu oyuna daxil edərkən auta göndərib və ilk hissə “Azərreyl”in aktivinə yazılıb.

Növbəti set də maraqlı alınıb. Gah “Lokomotiv”, gah da rəqibi önə çıxıb. Amma sonda səhvlərə yol verən “Azərreyl” 2 top fərqi ilə qalib gəldiyi kimi 2 top fərqi ilə də uduzub.

Üçüncü hissə oyunda dönüş nöqtəsi olub. İkinci texniki fasiləyə kimi 5 top geridə qalan “Lokomotiv” hesabı həlledici anda bərabərləşdirib – 24:24. Amma onların setlərin fərqində irəli çıxmasına imkan verməyən rəqib 28:26 hesabı ilə qalib gəlib.

Növbəti hissənin ilk dəqiqələri “Azərreyl” şou göstərib. Onlar ilk texniki fasiləyə 7, ikinci texniki fasiləyə 5 xal öndə yollanıblar. Düzdür, bundan sonra “Lokomotiv” fərqi azaltsa da, yekunda yenidən Alessandro Çiappinin yetirmələri üstünlüyü ələ alıblar və görüşün hesabını müəyyənləşdiriblər – 3:1.

***

Tura isə “Rabitə” – “Lokomotiv Biləcəri” matçı ilə start verilib. Gözlənildiyi kimi, son Azərbaycan çempionu qarşılaşmada rəqibini darmadağın edib. Yarandığı 2 ildə qələbə qazana bilməyən Biləcəri təmsilçisi “Rabitə” ilə matçda 3 setdə cəmi 36 xal qazanıb.

***

Günün son qarşılaşması da xüsusi maraq doğurub. Çünki bu oyunda CEV kubokun 1/8 finalında “Omiçka”ya uduzmuş “İqtisadçı” 1/4 finalda rusiyalılarla qüvvəsini sınayacaq “Bakı-Azəryol”la münasibətinə aydınlıq gətirib. Qarşılaşmada lider olan universitet komandası boş yerə turnir cədvəlinə liderlik etmədiyini sübut edib.

Avrokubokla vidalaşan “İqtisadçı” artıq rəqibindən fərqli bütün gücünü Super Liqaya qoyur və bunun da nəticəsini görəcək. Onlar I dövrədə son qarşılaşmalarının ilk hissəsində də əla oyunla azarkeşlərinin alqışlarına layiq görülüblər və seti 10 top irəlidə bitiriblər.

İkinci hissə çox çətin keçib. Setboyu irəlidə olan “Bakı-Azəryol” yalnız sonda üstünlüyü əldən verib. “İqtisadçı” 20:23 hesabı ilə geridə olduğu seti qazanmaqda əzmkarlıq nümayiş etdirib.

Ardınca Aleksnadr Çervyakovun yetirmələri ruhdan düşüblər və bundan məharətlə istifadə edən Bülənt Karslıoğlunun komandası 5-ci matçını 3 xalla başa vurub.

***

Beləliklə, VI turdan sonra turnir cədvəlində dəyişiklik olmayıb. Rəqiblərindən 1 oyun çox keçirən “İqtisadçı” liderliyini davam etdirdiyi halda, “Azərreyl”lə “Rabitə” ilk “üçlük”dəki mövqelərini qoruyublar. Onlar isə bir-birini yalnız set fərqində qabaqlayırlar.


I DÖVRƏ
VI tur


30 noyabr
“RABİTƏ” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:9, 25:15, 25:12)
Hakimlər: Murad Abdurəhmanzadə, Səbuhi Əliyev
Xətt hakimləri: Samir Nəbiyev, Fuad Hacıyev, Emil Abdullayev, Emil Əmirxanlı

“LOKOMOTİV” – “AZƏRREYL” - 1:3 (23:25, 25:23, 26:28, 20:25)
Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Rüstəm Cəfərov, Fuad Ağayev, Zaur Hacıyev

“BAKI-AZƏRYOL” – “İQTİSADÇI” - 0:3 (15:25, 25:27, 12:25)
Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Təranə Bəylərova, Ruhid Xəlilov, Fuad Əliyev

İqtisadçı

6

5

1

16-5

510-421

15

Azərreyl

5

4

1

13-5

446-365

12

Rabitə

5

4

1

13-6

461-396

12

Lokomotiv

5

2

3

9-10

433-407

6

Bakı-Azəryol

5

2

3

8-10

390-401

6

Telekom

5

1

4

3-12

269-362

3

Lokomotiv Biləcəri

5

0

5

2-15

250-398

0


Qeyd edək ki, bu turda “Telekom” oynamayıb.