“Rabitə”nin çempion olduğu mundialın Azərbaycanda keçirilmə variantı yarandı
04.12.2012 - 11:43
“Rabitə”nin çempion olduğu mundialın Azərbaycanda keçirilmə variantı yarandı
Kişilər və qadınlar arasında klublararası dünya çempionatı yeni ildən yeni tarixdə keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) çıxarıb.

Belə ki, 2009-cu ildən payız və qış aylarına təsadüf edən və Qətərin paytaxtı Dohada təşkil olunan mundial 2013-cü ildə mayın ilk yarısında olacaq. Müəyyən müddət keçirilməyən və ərəblərin istəyi ilə yenidən bərpa olunan yarışın yeri isə hələ müəyyənləşməyib.

Ancaq oktyabrda baş tutan son dünya çempionatında ev sahibliyi də müzakirə obyekti olduğundan, məkanın dəyişdiriləcəyi gözlənilən idi. Sadəcə, kişi voleybol klublarının yenə də Qətərdə oynayacağı bildirilirdi. Onlardan fərqli, qadın voleybolçuların başqa ölkədə çıxış etməyi gündəmdə idi. Təbii ki, tarixin dəyişməyi turnirə yeni ev sahibinin olacağından da xəbər verir. Çünki yarışın ilin sonunda baş tutmağı məhz Qətərdə olan münasib hava şəraitinə hesablanmışdı. FİVB-in vitse-prezidentləri apasport.az-a açıqlamasında dünya çempionatının Azərbaycanda da keçirilməyini istisna etməmişdi.

Qeyd edək ki, “Rabitə” ardıcıl 2 dəfə analoji turnirdə finala çıxaraq, 1 il öncə çempion olub.