“Onlar hələ 1 matçda belə uduzmayıblar”
05.12.2012 - 11:21
“Onlar hələ 1 matçda belə uduzmayıblar”
“Biz sadəcə, 2 setdə qalib gəlməliyik. Bununla, növbəti mərhələyə vəsiqəni təmin edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Villa Kortese” klubunun baş məşqçisi Covanni Kaprara deyib.

Təcrübəli mütəxəssis Çempionlar Liqasında “Rabitə” ilə oyun öncəsi fikirlərini açıqlayıb: “Biz güclü komandaya qarşı oynayacağıq. Onların əvvəlki qarşılaşmalarda göstərdiyi nəticə “Rabitə”nin səviyyəsini göstərir. Onlar hələ 1 matçda belə uduzmayıblar. Azərbaycan çempionu hər oyunda öz ustalıq və bacarığını göstərir. Bu komanda italiyalı məşqçilər korpusunun rəhbərliyi altında çalışır. Əminəm ki, onlar bizim meydanda ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Biz “Rabitə”dən hər hansı bir hədiyyə gözləmirik. Lakin mübarizə aparmağa hazırıq. Bunu Bakıda da bacarmışdıq. Həmin vaxt oyunu tay-brekə qədər uzatmağa yaxın idik”.

Qeyd edək ki, “Villa Kortese” qrupda yeganə məğlubiyyətini “Rabitə”dən alıb.