“Məni Bakı klubunun oyunçusu ilə eyni otağa saldılar” - MÜSAHİBƏ
07.12.2012 - 14:15
“Məni Bakı klubunun oyunçusu ilə eyni otağa saldılar” - MÜSAHİBƏ
Moskva “Dinamo”sunun voleybolçusu Darya Çikrizova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, komandasının liberosu Çempionlar Liqasının V turunda Bakı “Lokomotiv”i ilə oyun barədə danışıb. Qarşılaşmanı tribunadan izləyən Çikrizova 0:2 hesablı geri düşdükdən sonra qalib gəlməklərinin səbəbini açıqlayıb.

- Oyun barədə nə deyə bilərsiz?
- Biz hamımız komandamız üçün çox həyəcanlanmışdıq və oyun boyu onlara dəstək nümayiş etdirirdik. Emosiyalar gərilmişdi. Oyunun birinci yarısında əhvalımız heç də yaxşı deyildi. Lakin 3-cü setin başlaması ilə kefimiz sürətlə yuxarı qalxdı.

- Tribunada yanınızda əyləşən klubun baş direktoru Vladimir Ziniçev ilk 2 setdəki məğlubiyyətə necə şərh verdi?
- O özünü komandasının qələbəsini istəyən və yekunda uğura inanan azarkeş kimi aparırdı. Hamımız əsəbiləşmişdik, amma çıxılmaz vəziyyətdə olduğumuzu düşünmürdük. Hətta uduzduğumuz 2 setdə də görünürdü ki, qızlar hər top üçün çalışır və döyüşürlər. Lakin heç cür öz oyunlarını tapa bilmirdilər. Bütün bunları gördüyümüzdən inanırdıq ki, onlar oyunda dönüş yaratmağı bacaracaqlar və bu an gəlib çatdı.

- Matçın əvvəlindəki uğursuzluq nə ilə bağlı idi?
- “Lokomotiv”, Polşa “Bank Fakro”su və biz təxminə eyni xal toplamışıq. Pley-offa isə yalnız 2 komanda çıxacaq. Bu səbəbdən də hər oyunun qiyməti böyükdür. Bundan başqa, biz I dövrədəki məğlubiyyətin qisasını almaq istəyirdik. Mənə elə gəlir ki, məsuliyyət və istək həddən artıq təzyiq göstərdiyindən qızlarımız ilk 2 setdə uduzdu. Çünki həmin vaxt onlar çox həyəncanlı görünürdülər. Səhvlər də bundan yaranırdı. Eyni zamanda, “Lokomotiv”in də güclü komanda olduğunu etiraf etməliyik. Diana Nenova isə onları öz arxasınca aparırdı.

- Matçda nəyin hesabına dönüş yaratdız?
- İlk 2 setdə uduzduqdan sonra qızlar təslim olmadılar və bunun bəhrəsini gördülər. Komandamız bir neçə çətin topu xala çevirdi və oyunu tapdı. Bundan sonra artıq qarşımızda dayanmaq mümkün deyildi. Üstəlik 3-cü setdə Nastya Markova və Lera Qonçarova oyuna çox yaxşı daxil olaraq, qələbəmizə öz töhfələrini verdilər. “Lokomotiv”də isə oyunu gücləndirəcək əlavə qüvvə olmadı.

- Buna baxmayaraq, 4-cü setdə yenə “Dinamo” hesabda geri düşüb, rəqibinə çatmağa məcbur oldu...
- Bu qısa bir zaman kəsiyini əhatə etdi. Qızlarımız bir anlıq nəfəslərini dərirdilər və “Lokomotiv” bundan istifadə edib bir neçə xal önə keçdi. “Dinamo” yenidən var qüvvəsi ilə oyuna qoşulandan sonra rəqib üçün qarşısıalınmaz oldu. Həm 4-cü hissənin sonunu, həm də tay-breki güclü oynadıq.

- Görüşdən sonra rəqibin oyunçusu Diana Nenova ilə söhbət edirdiz. Onunla nə vaxt tanış olmusuz?
- Bir neçə il əvvəl Belqorod “Universitet”ində Diana ilə birgə çıxış etmişik. Toplanışlardan birində bizi eyni otağa saldılar. Bunun üçün söhbət mövzumuz vardı. Lakin oyundan sonra yalnız bir neçə kəlmə kəsdik. Diana çox üzgün idi. Buna baxmayaraq, məni təbrik etdi. Bu, idmandır və “Dinamo” daha güclü idi.