“Bakı klubu qrupda birinci olmağa layiqdir” - MÜSAHİBƏ
11.12.2012 - 16:17
“Bakı klubu qrupda birinci olmağa layiqdir” - MÜSAHİBƏ
Çempionlar Liqasında “Lokomotiv”lə oynayacaq “Srvena Zvezda”nın voleybolçusu Mina Popoviç Serbiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 18 yaşlı blokçu matçı dəyərləndirib və Bakı təmsilçisinin gücündən danışıb.

- Bu gün Çempionlar Liqasında son oyununuza çıxacaqsız. Qarşılaşacağınız “Lokomotiv”i necə dəyərləndirərdiz?
- Bakı klubunun heyətində bizlə müqayisədə hündürboylu voleybolçular üstünlük təşkil edir. Bu azmış kimi onların təcrübəsi də kifayət qədərdir. Elə birinci dövrdə Belqradda uduzmağımızda da məhz bunun böyük rolu oldu.

- Həmin matçda 0:2 hesabı ilə geridə olduqdan sonra tarazlıq yaratsaz da, tay-brekdə qüvvəniz tükəndi...
- Evdə “Lokomotiv”ə uduzduğumuz matç bizim Çempionlar Liqasında ən yaxşı oyunumuz idi. Amma təəssüf ki, həmin qarşılaşmada 2:3 hesabı ilə məğlub olduq.

- Rəqibiniz pley-offa yüksəlsə də, sizlə oyunda qrup birinciliyini də qazanmaq istəyəcək. Onların bu arzusuna mane ola biləcəksizmi?
- “Lokomotiv”in qrupda göstərdiyi nəticələr onların səviyyəsinin göstəricisidir. Bu komanda yaxşı oynayıb və qrupda birinci olmağa layiqdir.

- Liderlə oyunda qarşınıza hansı vəzifə qoyulub?
- Ötən oyunda olduğu kimi yenə də əsas məqsədimiz layiqli oyun göstərməkdir.

- Bəs buna necə nail olacaqsız?
- Planlarımızda meydanda daha hərəkətli olub, fərdi və komanda elementləri sayəsində rəqibdən çox xal almaqdır.

- Bakıdakı matç sizin avrokubokda son qarşılaşmanızdır. Mövsümü necə qiymətləndirirsiz?
- Bəzi qarşılaşmalarda daha yaxşı çıxış edib, xal da qazana bilərdik. Amma ümumilikdə sonuncu olmağımıza o qədər də üzülmürük. Bizdən xeyli təcrübəli olan rəqiblərlə oyunlarda bəzən başabaş mübarizə aparmağımız sevindiricidir. Çünki biz onların heç birinə asanlıqla təslim olmamışıq. Düşünürəm ki, belə güclü komandalarla oynamaq bizim yalnız xeyrimizdədir. Çünki biz onlarla oyunlarda çox şey öyrənə bilərik.