Natalya Məmmədova klublarımızın yolunu kəsdi - YENİLƏNİB
13.12.2012 - 19:57
Natalya Məmmədova klublarımızın yolunu kəsdi  - YENİLƏNİB
Bu gün “Bakı-Azəryol” CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Omskda 1:3 hesabı ilə uduzduğu “Omiçka”nı qəbul edib.

Təəssüf ki, voleybolçularımız doğma divarlar amilindən yararlana bilməyib. Çünki “Bakı-Azəryol” mərhələ adlamaq üçün öncə qalib gəlməli, ardınca “Qızıl set”i də qazanmalı idi. Lakin Aleksandr Çervyakovun yetirmələrinin gücü cəmi bir hissəyə çatıb. Onlar 0:2 hesabı ilə geri düşdükdən sonra fərqi azaltsalar da, yekunda 1:3 hesabı ilə uduzublar.

Nəticədə Natalya Məmmədovanın şərəfini qoruduğu komanda “İqtisadçı”nın ardınca “Bakı-Azəryol”u da mübarizədən kənarlaşdırıb və “Çelenc raund”a yüksəlib. Beləliklə, Azərbaycan klubları CEV kubokuna vaxtından öncə “əlvida” deyiblər.


13 dekabr
CEV kuboku, 1/4 final mərhələsinin cavab oyunu


“Bakı-Azəryol” (Azərbaycan) - “Omiçka” (Rusiya) - 1:3 (20:25; 20:25; 25:23, 13:25)
Hakimlər: Miora Veronika Papadopol (Rumıniya), Andrey Kovalçuk (Ukrayna)
Bakı, Voleybol Mərkəzi

İlk oyun
“Omiçka” (Rusiya) – “Bakı-Azəryol” (Azərbaycan) - 3:1 (25:17, 20:25, 25:20, 25:12)

Qeyd edək ki, bu, “Omiçka”nın Bakıda ilk qələbəsi olub. İndiyədək paytaxtımızda 3 görüşə çıxan rəqib hamısında məğlubiyyətə üzülmüşdü.