Səssiz transfer
18.12.2012 - 10:06
Səssiz transfer
“Azərreyl” qış fasiləsi ərəfəsində yeni transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ulduzlardan təşkil olunan komanda hücumçularının özlərini doğrultmaması səbəbindən Litva əsilli İndre Sorokayte ilə anlaşıb.

Hazırda İtaliya vətəndaşlığını daşıyan 24 yaşlı voleybolçu “Torino”dan mövsümün sonuna icarəyə götürülüb. 2009-cu ildən bu komandanın şərəfini qoruyan 188 sm boya malik Sorokayte onların A2-dən A1 Seriyasına yüksəlməsində böyük rol oynayıb.

İndre daha öncə isə “Montesilvano” (2003-2004), “Kastelfidardo” (2004-2006) və “Foppapedretti” (2006-2009, hamısı İtaliya) klublarının şərəfini qoruyub. O, Berqamo təmsilçisi ilə 2007-ci və 2009-cu illərdə Çempionlar Liqasının gümüş medalını, 2008-ci ildə isə İtaliya kubokunu qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının pley-offunda “Lokomotiv”lə oynayacaq “Azərreyl”də Sorokaytenin gəlişi ilə ümidləri doğrultmayan sloveniyalı Tina Lipiçerin komandadan gedişi gündəmə gəlib.