Üçhakimiyyətlilik - YENİLƏNİB
18.12.2012 - 20:00
Üçhakimiyyətlilik - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Super Liqanın I dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın istirahət etdiyi VII turda liderlər ikinci komandaları ilə oynayıblar.

Bu səbəbdən də “Azərreyl” – “Bakı-Azəryol” görüşü günün mərkəzi matçı sayılırdı. Düzdür, qarşılaşmada birincilər favorit hesab olunsalar da, stabil oynamamaları üzündən “Bakı-Azəryol”un da qalib gəlməsi istisna edilmirdi. Çünki CEV kuboku ilə vidalaşan komanda azarkeşləri qarşısında günahını yumalı idi.

Lakin “Azərreyl”in də planlarına uduzaraq, liderlər qrupundan ayrı düşmək daxil deyildi. Bunun üçün də “dəmiryolçular” rəqiblərinə 1 set belə verməyiblər. Matça fəal başlayan Alessandro Çiappinin yetirmələri ilk texniki fasiləyə 6, ikinci texniki fasiləyə 9 top irəlidə yollanıblar. Bundan sonra da üstünlüyünü davam etdirən “Azərreyl” birinci setdə 25:17 hesabı ilə qalib gəlib.

İkinci hissənin əvvəlində “Bakı-Azəryol” təşəbbüsə yiyələnib. Amma rəqib hesabı bərabərləşdirdikdən sonra (6:6) onlar yenidən çətin anlar yaşayıblar. Nəticədə ikinci texniki fasilədə 6 top irəlidə olan “Azərreyl” yekunda seti 7 top fərqi ilə aktivinə yazıb.

Növbəti set isə daha dramatik alınıb. Hissəboyu irəlidə olan “Azərreyl” arxayınçılığın qurbanı olmaqdan son anda yaxa qurtarıb. Onlar 24:20 hesabı ilə irəlidə olsalar da, “Bakı-Azəryol” tarazlığı bərpa edib. Amma onların bundan artığına gücləri çatmayıb. Daha təcrübəlilərdən qurulan “Azərreyl” 30:28 hesabı ilə qələbə qazanaraq, matçın nəticəsini müəyyənləşdirib.

*****

Turun ikinci matçında “Lokomotiv” “Lokomotiv Biləcəri”ni sınağa çəkib. “Dəmiryolçular”ın duelində əsas komanda proqnozları doğruldaraq, asan qalib gəlib. Yarandığı 2 ildə hələ qələbə qazanmayan Biləcəri təmsilçisi yenə tilsimi qıra bilməyib.

Belə ki, onlar ilk 2 setin əvvəlində Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısına müqavimət göstərsələr də, sonuncu hissədə gücləri tükənib. Yekunda setə belə həsrət qalan “Lokomotiv Biləcəri” I dövrəni xalsız başa vurub. “Lokomotiv” isə son 2 turdakı məğlubiyyət seriyasını dayandırıb.

*****

“Rabitə” – “Telekom” duelində Azərbaycan çempionu növbəti 3 xalını aktivinə yazıb. Ulduzlardan təşkil olunan komanda gənclərdən qurulmuş debütanta heç bir şans verməyərək, asan qələbə qazanıb.

İlk setdə “Telekom”u 10 top fərqi ilə məğlub edən Marçello Abbondanzanın yetirmələri növbəti hissəni 7 top öndə bitiriblər. III set isə əvvəlkinin təkrarı olub. Yenə 25:18 hesabı qeydə alınıb.

*****

Beləliklə, ilk dövrədən sonra turnir cədvəlində üçhakimiyyətlilik yaranıb. 15 xala malik “Azərreyl”, “İqtisadçı” və “Rabitə” bir-birini əlavə göstəricilər – top və set nisbətinə görə qabaqlayırlar. 4-cü yerdə qərarlaşan “Lokomotiv” onlardan 6 xal geri qalır. Son 2 pillədə isə “Telekom”la “Lokomotiv Biləcəri” yer alır.

VII tur
18 dekabr

“AZƏRREYL” – “BAKI-AZƏRYOL” - 3:0 (25:17, 25:18, 30:28)
Hakimlər: Zaur Hacıyev, Ceyhun İsmayılov

“LOKOMOTİV BİLƏCƏRİ” – “LOKOMOTİV” - 0:3 (18:25, 20:25, 17:25)
Hakimlər: Murad Abdurəhmanzadə, Konstantin Selin

“TELEKOM” – “RABİTƏ” - 0:3 (15:25, 18:25, 18:25)
Hakimlər: Fuad Ağayev, Eldar Zülfüqarov

Azərreyl
6
5
1
16-5
526-428
15
İqtisadçı
6
5
1
16-5
510-421
15
Rabitə
6
5
1
16-6
526-447
15
Lokomotiv
6
3
3
12-10
505-462
9
Bakı-Azəryol
6
2
4
8-13
453-481
6
Telekom
6
1
5
3-15
320-437
3
Lokomotiv Biləcəri
6
0
6
2-18
305-473
0

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində keçiriləcək.