“Məni “İnter”də tilsimləmişdilər”
21.12.2012 - 09:34
“Məni “İnter”də tilsimləmişdilər”
"İnter"də mənim yaxşı günlərim olub. 3 mövsüm komandanın formasını geymişəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun lsabiq futbolçusu Girts Karlson deyib.

Yayda "İnter"dən ayrılıb vətənində Liepayanın "Metallurq" klubuna keçən latviyalı hücumçu Azərbaycan karyerası haqda danışıb: “Lakin bu 3 mövsümdə qol saylarım elə də çox olmayıb. Sanki məni tilsimləmişdilər. Azərbaycan çempionatında oyunlarda qapıya yol tapmaqda çətinlik çəkirdim. Maraqlısı odur ki, çempionatdan kənar turnirlərdə tam tərsinə idi”.

Karlson Azərbaycan karyerasının alınmamasını başa düşə bilmir: “Mənim fikrimcə, yerli çempionatın klubların məşqçiləri məni tam oxuya bilmişdilər, ya da qeyd etdiyim kimi məni tilsimləmişdilər. Hal-hazırda Latviyada "Metallurq"da oynayıram və 11 oyuna artıq 5-6 top da vura bilmişəm. Ümumiyyətlə, "Metallurq"da mənim sanki ayağım açılır. Mən "İnter"də karyeramı davam etdirməyi çox istərdim, amma qismət olmadı. Keçmiş komandam mən oynadığım zamandakından qat-qat güclüdür. Onlara uğurlar arzu edirəm”.

Qeyd edək ki, Karlson 2009-cu ildə "İnter"ə keçən forvard 3 mövsüm ərzində rəsmi oyunlarda 75 dəfə meydana çıxıb. Bunların 63-ü Premyer Liqa, 10-u kubok və 2-si Çempionlar Liqasına təsadüf edib. Bu qarşılaşmalarda hücumçu 22 dəfə rəqib qapısına yol tapıb: 10 qol çempionatda, 1 Çempionlar Liqasında və 6 qol Birlik Kuboku turnirində qeydə alındı.

Mənbə: fcinter-az.com