Cəlil Cəfərov: “Rabitə” bir dünya brendidir - MÜSAHİBƏ
26.12.2012 - 13:40
Cəlil Cəfərov: “Rabitə” bir dünya brendidir - MÜSAHİBƏ
“Rabitə”nin prezidenti Cəlil Cəfərov klubun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə Azərbaycan Super Liqasında növbəti çempionluğunu və dünya çempionatında gümüş medal qazanan Bakı təmsilçisinin rəhbəri tarixin yaddaşına köçəcək ili dəyərləndirib və yeni il üçün əsas hədəflərini açıqlayıb.

- Artıq 2012-ci ili başa vururuq. Yola salmağa hazırlaşdığımız ili voleybolçularımız üçün necə xarakterizə edərdiniz?
- 2012-ci ildə uğurlarımız böyük oldu. Doğrudur, 2011-ci il “Rabitə” debüt ilindəcə dünya çempionu adını qazanmışdı. Ancaq buna baxmayaraq, 2012 ildəki uğurumuzu da azaltmaq lazım deyil. Çünki voleybol tarixində hər hansı bir klub 2 dəfə dünya çempionatının finalına çıxa bilməmişdi. Bunu ilk dəfə edən isə hər hansı bir italyan və ya rus komandası deyil, məhz Azərbaycanın “Rabitə” komandası oldu. Bu, həm ölkəmiz, həm də klubumuz üçün olduqca fərəhverici haldır. Çünki ortada böyük bir nəticə var. Bu günə qədər isə belə bir nəticəyə heç bir komanda nail ola bilməyib. Bu, artıq bir faktdır. Təbii ki, final mərhələsinə qədər irəliləmək, gümüş medala da sahib çıxmaq böyük bir nailiyyətdir. Bir nüansı da nəzərə almaq lazımdır ki, komanda da böyük dəyişikliklər olmuşdu. Həmin ərəfədə komandanın hazırlıq mərhələsində olduğu diqqətdən yayınmamalıdır. Yəni tez bir zamanda mövsümün əvvəli olaraq dünya çempionatına çıxdıq. Bəlkə də bu finalda layiqli oyunun göstərə bilməməyimizə səbəb oldu. Lakin digər fakt da ondan ibarətdir ki, həlledici matçda oynadığımız Braziliyanın “Sollis Nestle” klubunun oyunçuları bütünlüklə bu ölkənin yığma komandasının üzvləridir və onlar da London Olimpiadasında çempion olublar. Yəni çox güclü bir rəqiblə üz-üzə gəlmişdik. Ola bilər ki, bu da uduzmağımıza səbəb oldu. Lakin buna baxmayaraq əldə etdiklərimiz 2012-ci il üçün böyük uğurdur.

- “Rabitə” bu il Çempionlar Liqasında da böyük uğura imza ataraq, qrup mərhələsində rekord xal toplayıb...
- Bəli, komandamız artıq Çempionlar Liqasının qrup mərhələsində ən yüksək xal toplayaraq, yəni heç bir xal itirmədən, 6 oyunda maksimum 18 xal toplayaraq pley-of mərhələsinə çıxıb. Bu da bir ilkdir ki, buna da Avropada yalnız “Rabitə” imza atdı.

- Pley-offun ilk mərhələsindəki rəqibini – Fransa “Kann”ı ilə oyun barədə nə deyə bilərsiz?
- Əgər biz bu görüşdə qalib gələcəyiksə, onda sonrakı mərhələdə Kazan və Moskva “Dinamo”larının qalibi ilə görüşəcəyik. Ardınca isə “Dördlər finalı” gələcək. Təbii ki, bizim əsas məqsədimiz birinci növbədə İstanbulda olacaq “Dördlər finalı”na çıxmaq və layiqli oyunumuzu, gücümüzü göstərməklə Çempionlar Liqasında qalib gəlməkdir.

- Azərbaycan çempionatı da kifayət qədər gərgin keçir. Bu və son matçda qarşılaşdığınız “Lokomotiv”lə oyun barədə nə deyə bilərsiz?
- Sevindirici haldır ki, Azərbaycan çempionatı çox yüksək səviyyədə keçirilir. Çünki bütün klublar artıq çox gücləniblər. Həm “İqtisadçı”, həm “Lokomotiv”, həm “Azərreyl” heyətlərinə görə çox güclü komandalardır. Artıq Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Bunu açıq şəkildə deyirəm. Bu ərəfədə əgər biz “Lokomotiv”ə uduzardıqsa, hələlik liderliyi itirmiş olardıq. Bu da gələcək üçün böyük bir problem ola bilərdi. Çünki hər bir itirilmiş xal gələcəkdə çempionluq üçün problemli bir məsələyə dönə bilir. Ona görə də bu oyun zamanı əldə olunacaq xallar xüsusi əhəmiyyət daşıyırdı və biz də 3:1 hesabı ilə qələbə qazandıq.

- Yeni ildə hansısa mövqelərə yeni voleybolçuların alınması nəzərdə tutulubmu?
- Mövsüm 2013-cü ilin may ayına qədər davam edəcək. Çempionlar Liqasının “Dördlər finalı” martda olacaq. Bu mövsüm bitənə qədər bizim heyətə hər hansı bir yeni oyunçu qatmaq fikrimiz yoxdur. Hesab edirik ki, komandada bütün mövqelərdə artıq yetərincə normal oyunçular var. Sadəcə olaraq onlar üçün bir qədər vaxt lazımdır ki, bir yerdə daha çox oynasınlar. Doğrudur, indi artıq xeyli dəyişiklik var. Taktiki dəyişiklərin aparılmasının vacibliyi ortaya çıxmışdı. Çünki ötən il komandamız ən güclü rəqib olanda da belə, uduzmağımızın əsas səbəbi top qəbulu ilə bağlı idi. Həmin zaman bizim çoxlu səhvlərimiz olmuşdu. Onları aradan qaldırmaq üçün təbii ki, bir çox oyunçuların dəyişilməsinə zərurət yaranmışdı. Bu səbəbdən də bəzi addımları atmalı olduq. Hesab edirəm ki, artıq komandaya çox güclü oyunçular cəlb olunub. Ötən ilki heyətdən İrina Jurkova, Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç, Dobriana Rabadjiyeva qalıb. Əlavə cəlb oyunçular sırasında isə dünya voleybolunun əfsanə voleybolçuları, dəfələrcə ən möhtəşəm titular sahib oyunçular - Almaniyanın millisinin lideri Angelina Qrün, Kolumbiya yığmasının üzvü və bir oyunda ən çox xal toplamaq üzrə dünya rekordçusu (bir oyunda 54 xal) Madlen Montano, Dominikan millisindən, eyni zamanda London olimpiadasında ən güclü liberosu və müdafiəçisi adının sahibi Brenda Kastilyo, ABŞ millisin aparıcı voleybolçularından biri olan Foluke Akinradevo, porto-rikolu Aurea Kruz və dünyanın aparıcı oyun qurucularından olan polşalı Katarjina Skorupa heyətə cəlb olunub. Hesab edirəm ki, potensialımız yetərincə yüksəkdir.

- Bu heyətlə sadəcə mübarizə apardığınız yarışlarda çempion olmaq qalıb...
- Bundan sonra bizim uduzmağımız sadəcə olaraq təsadüf nəticəsində ola bilər ki, hansısa qeyri-adi nüans baş versin. Doğrudan da bu faktdır. Bunu nəinki mən, bütün mütəxəssislər deyir. Çünki komanda olduqca güclüdür. Biz də öz gücümüzə inanırıq və əminik ki, qalib gəlməyə qadirik. Hər hansı bir problem, komandada zədə olmasa, qarşıda bizi çox böyük qələbələr gözləyir. Get-gedə klubumuz öz gücünü göstərir. Bir komanda eyni tərkibdə nə qədər çox oyun keçirərsə, bu, daha yaxşıdır. Qələbələr üçün də işləmək lazımdır, çoxlu məşq etmək, oyunlara ciddi hazırlaşmaq lazımdı. Ümid edirik ki, böyük nəticələrimiz olacaq. Əlimizdən gələni edirik ki, qalib gələk.

- Bir idman növünün ölkədə daha da sevilməsi üçün qələbələr lazımdır. Qazandığınız bu möhtəşəm qələbələrdən sonra “Rabitə” voleybolu hansı səviyyədə sevdirə bilib?
- Sözsüz ki, bir-birinin ardınca gələn qələbələr, uğurlar insanlara voleybolu bir daha sevindirir. Lakin mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Biz nə qədər desək də, komandaya edilən kömək və komandanın başında duran rəhbərlik böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu istiqamətdə cənab nazir Əli Abbasovun dəstəyi böyükdür. Çünki onun dəstəyi olmasaydı, komandamız bu səviyyəyə gəlib çıxmazdı. Abbasovun təkidi ilə biz Çempionlar Liqasında addımlar atmışıq. Təbii ki, cənab nazirin məsləhətləri ilə bu səviyyəyə gəlib çıxa bilmişik. Çünki belə dəstək, belə kömək olmasa, səmimi şəkildə bildirim ki, kimliyindən asılı olmayaraq heç kim komandanı bu səviyyəyə gətirə bilməzdi. Bu bir faktdır. Çünki köməklik böyük rol oynayır. Artıq “Rabitə” bütün dünyada bir brend olaraq tanınır. Məhz buna görə də bizim borcumuzdur ki, klubu inkişaf etdirək, hər zaman da layiqli yerlərdən birini əldə edək. Doğrudur, hazırda naliyyətlərimiz çoxdur. Dünya çempionu olmuşuq, 2 dəfə finala çıxmışıq. Ancaq bütün bunlara baxmayaraq ən böyük arzularımızdan biri hələ qalmaqdadır. Yəni Avropada Çempionlar Liqasında çempion olmaq istəyirik. Bunun üçün də həddindən artıq çalışırıq. Mən inanıram ki, buna da gec-tez nail olacağıq.

- Cəmiyyətdə artıq belə bir inam da var. Digər komandalar yox, məhz “Rabitə” komandasının qalib gələcəyini gözləyənlərin sayı da durmadan artır…
- Doğurdan da cəmiyyətdə olan böyük inamı biz də hiss edirik. Bu inamın yaranması da əbəs deyil. Çünki az bir müddətdə “Rabitə”nin böyük nəticələr göstərməsi faktdır. Bunu nəinki Azərbaycan idmansevərləri, eləcə də bütün dünyanın mütəxəssisləri bildirir. Çünki 5 il müddətinə yaradılmış bir komanda gəlib dünya çempionu olursa, bu heç də asan bir məsələ deyil. Kollektivi təşkil etmək, onu yaratmaq, işlətmək və qələbə istiqamətində aparmaq olduqca çətin prosesdir. Bu gün bütün dünyada klubumuz tanınır və hər kəs bu klubda oynamağı arzulayır. Ona görə də biz çalışmalıyıq ki, bu adı aşağı salmayaq, qoruyaq və inkişaf etdirək. Çünki “Rabitə” bizim adımızdır.

- Beynəlxalq aləmdə “Rabitə” komandası ilə bağlı hansı fikirlər səslənir?
- Ölkəmizlə yanaşı, dünyada da bizim klubla bağlı çox gözəl fikirlər var. Bilirsiniz ki, oktyabrda Qətərin paytaxtı Doha şəhərində keçirilən dünya çempionatında Beynəlxlaq Voleybol Federasiyasının yeni seçilmiş prezidenti bizim oyunumuzu seyr edərkən bildirdi ki, sizin çox böyük komandanız var və yaxın gələcəkdə “Rabitə” çox güclü klub olacaq. Hətta vitse-prezident də komandamız barəsində çox gözəl fikirlər söylədi. Çünki bütün görülən işləri mütəxəssislər görürlər və bilirlər ki, əldə olunan naliyyətlər heç də asanlıqla başa gəlmir. Kollektiv oynamaq lazım gələn idman növlərinin irəliyə aparılması heç də asan məsələ deyil. Bunu bütün dünya bilir. Şükürlər olsun ki, “Rabitə” klubu qısa müddətdə çox böyük nəticələr əldə edib. 5 ildir bir-birinin ardınca Azərbaycan çempionu olur. Bütün bu faktlar onu göstərir ki, doğurdan da ciddi işlər aparılır. Artıq komandamız sıradan bir klub deyil. Təbii ki, bu bizim işimizi də bir qədər çətinləşdirir. Çünki hər bir komanda “Rabitə”yə qarşı oynayanda tam gücünü ortaya qoyur. Çünki hər kəs bilir ki, bizim komanda çox güclüdür.

- “Rabitə” yenidən 2012-ci ilin ən yaxşı klub komandası seçilib. Bu barədə fikirlərinizi bilmək maraqlıdır...
- Biz 2011-ci ilin yekunlarına görə də ilin komandası elan olunmuşduq. Bu il də ikinci dəfə olaraq ən yaxşı klubu elan edildik. Mən hesab edirəm ki, bu, çox yüksək nəticədir. İki ildir bir-birinin ardınca buna nail olur. Bu, təbii ki, başda cənab nazir Əli Abbasov olmaqla bütün rabitəçilərin böyük əməyinin nəticəsidir. Bu münasibətlə də mən bütün rabitəçiləri təbrik edirəm. Sonda “Rabitə”nin kollektivi adından Azərbaycan xalqını Yeni il və 31 dekabr Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür, firavan həyat arzulayıram.