“Növbəti çempionat yeni qaydalarla başlayacaq” - MÜSAHİBƏ
27.12.2012 - 11:57
“Növbəti çempionat yeni qaydalarla başlayacaq” - MÜSAHİBƏ
Beynəlxalq Voleybol Federasiyası (FİVB) oyun qaydalarında dəyişikliklər edib. Həmin qaydalar növbəti mövsümdən tətbiq olunmağa başlayacaq. Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsinin sədr müavini, beynəlxalq dərəcəli referi Eldar Zülfüqarov yeniliklər barədə apasport.az saytının oxucuları üçün maraqlı olan məqamlara aydınlıq gətirib.

- FİVB yeni mövsümdən oyun qaydalarını dəyişib. Bu, hansılardır?
- Dəyişikliklər səhvlərin aradan qaldırılması və hakimlərin işlərini asanlaşması məqsədilə edilib. Burada əsas yenilik topu oyuna daxil edərkən yuxarıdan əllə topun qəbulunun ləğv olunmasıdır. Artıq belə halda oyun saxlanılacaq. Bu isə ondan irəli gəlir ki, həmin vaxt topa 2 toxunuş qeydə alınırdı və bəzən diqqətdən yayınırdı. 2013-cü ildən bütün yarışlar yeni reqlamentə uyğun keçiriləcək. Bu isə hakimlər üçün rahat olacaq.

- Hücum zamanı da top qəbulu aşağıdan olmalıdır?
- Yox, bu əvvəlki qayda ilə olacaq. Topu yuxarıdan qəbul etmək yenə də olacaq.

- Yeni qaydalarda rəqibə xal verilməsi və voleybolçunun oyundan kənarlaşdırılması da nəzərdə tutulub...
- Bəli, burada da müəyyən bəndlər yenilənib. İndi əvvəlki kimi, sarı vərəqə aldıqda rəqibə xal verilməyəcək, bu yalnız qırmızı vərəqə zamanı tətbiq olunacaq. Bundan əlavə, əgər hansısa komandaya bir əldə sarı və qırmızı vərəqə göstəriləcəyi halda voleybolçu seti, həmin vərəqələr 2 əldə göstəriləcəyi halda isə oyundan kənarlaşdırılacaq. Həmçinin, məşqçi köməkçisinin 1 deyil, 2 olması da gözlənilir. Bu hələ açıqlanmayıb. Yəni qaydalar təxminən bilinir, amma qüvvəyə minməyib. Yeniliklərin davamı gözlənilir.

- Bu qaydalar Azərbaycan çempionatının yeni mövsümündən tətbiq olunmağa başlayacaq?
- Bəli. Davam edən yarışlarda tətbiq olunmayacaq. Bu avrokuboklar və ölkə çempionatlarına da aiddir. Ancaq hansısa yarış yeni start götürəcəksə, yeni qaydalar işə düşəcək.

- Belə hal siz hakimlər üçün çətinlik yaratmayacaq ki?
- Yox. Əksinə asan olacaq. Düzdür, oyunlar fərqlənə bilər. Amma hər hansısa çətinlikdən söhbət gedə bilməz.