“Rabitə” güclüdü, amma bizim də şansımız az deyil” - MÜSAHİBƏ
09.01.2013 - 10:32
“Rabitə” güclüdü, amma bizim də şansımız az deyil” - MÜSAHİBƏ
“Kann”ın voleybolçusu Braniçka Mihayloviç Fransa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Serbiya millisinin 22 yaşlı oyunçusu Çempionlar Liqasının pley-off mərhələsində “Rabitə” ilə görüşdən danışıb, 2012/2013 mövsümünü dəyərləndirib.

- Sizi Çempionlar Liqasının pley-off mərhələsində “Rabitə” ilə çətin matç gözləyir. Bu oyun haqda nə düşünürsüz?
- Mən əvvəllər heç vaxt “Rabitə”yə qarşı oynamamışam. Lakin indi bu oyun haqda danışmaq hələ tezdir. Çünki bizi qarşıda daxili yarışlar gözləyir və mən də məhz həmin oyunlara köklənmişəm. Yalnız bu görüşlərdən sonra “Rabitə” ilə duel barədə düşünəcəyəm.

- Lakin belə rəqiblə görüşü püşkdən sonra belə düşünməmək mümkün deyil...
- Əlbəttə ki, “Rabitə” ilə oyunu səbirsizliklə gözləyirəm. Həmin görüşün çox gərgin keçəcəyini bilirəm. Çünki biz çox güclü rəqiblə üz-üzə gələcəyik. Bakılıların nə qədər güclü olmasına baxmayaraq, öz qüvvəmizə bələd olduğumuzdan deyə bilərəm ki, bizim də şanslarımız az deyil.

- “Rabitə” ilə oyun öncəsi Bazeldə “kiçik dünya çempionatı”nın qalibi olduz. Bu sizə əlavə ruh yüksəkliyi verirmi?
- Həmin turnirdə sabiq komandam İsveçrə “Volero”suna qarşı oynadıq. Lakin bu mənim üçün heç bir prinsipiallıq daşımadı. Çünki mən peşəkaram və yalnız komandamı düşünürəm. Buna baxmayaraq, bəzi dostlarımla görüşmək imkanı qazandım. Turnirin qalibi olmağımız isə həqiqətən gözəl oldu.

- Mövsümün arxada qalan hissəsini necə dəyərləndirirsiz?
- Biz bundan çox razıyıq. Müəyyən oyunçularımızın zədələnməsinə baxmayaraq, yüksək səviyyədə oynamaqda davam etdik. Bu da bizim kollektivin nə qədər güclü olduğunu göstərir. Belə bir klubun bir parçası olmaq çox xoşdur. Ölkə kuboku və Çempionlar Liqasına olan iddiamızı mübarizəni davam etdirməklə sürdürürük. Milli çempionatda isə liderliyi əlimizdə saxlamışıq. Bir sözlə, mövsümün arxada qalan hissəsindən razı qalmamaq mümkün deyil.

- Mövsümün ikinci hissəsindən nə gözləyirsiz?
- Biz növbəti dəfə ölkə çempionluğunu qazanmaq istəyirik. Lakin bunu etməyə məcbur olduğumuzla bağlı təzyiq hiss etmirik. Sadəcə çıxıb, öz voleybolumuzu oynayırıq.