“Natalya Məmmədovanın komandanı ardınca daşıması mümkünsüzdür”
09.01.2013 - 11:46
“Natalya Məmmədovanın komandanı ardınca daşıması mümkünsüzdür”
Rusiyalı voleybol eksperti Yeqor Nozdrin Azərbaycan millisinin lideri Natalya Məmmədovanın “Omiçka” klubundakı rolunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, tanınmış menecer hücumçumuzun lider olduğu Omsk təmsilçinə nə dərəcədə fayda verdiyinə aydınlıq gətirib.

Nozdrin ötən mövsüm heyətində ulduz çatışmazlığı olan “Omiçka”da bu boşluğu məhz Natalya vasitəsilə aradan qaldırıldığını düşünür. Onun fikrincə, Məmmədovanın səyləri komandanın ümumi uğuru üçün kifayət deyil: “Müasir voleybolda 1 oyunçunun komandanı ardınca daşıması mümkünsüzdür. Mən Natalya Məmmədovanı nəzərdə tuturam. O, zədələrin izləmədiyi və hər şeyin alındığı vaxtlarda həqiqətən də parlaq təsir bağışlayır. Lakin bir şeyi də dərk etmək lazımdır ki, müasir komandalar rəqibin istənilən oyun üslubuna asanlıqla uyğunlaşa bilir. Məmmədova oyun ərzində 50 hücum edib, 30-dan çox xal yığanda, bu həqiqətən yaxşı nəticədir. Amma daim bunun hesabına qalib gəlmək də mümkün olmur. Bu komandanın yüksək səviyyəsini göstərmir, yalnız Məmmədovanın yaxşı formada olduğunu nümayiş etdirir. Buna görə də onların ötən mövsümkü qədər uğurlu çıxış edəcəyini düşünmürəm”.

Qeyd edək ki, Məmmədova Rusiya Superliqasının bombardiridir.