“İqtisadçı”da gözlənilməz istefa
14.01.2013 - 11:29
“İqtisadçı”da gözlənilməz istefa
Voleybol üzrə Azərbaycan Super Liqasında gözlənilməz baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, çempionatın lideri “İqtisadçı” ötən ildən komandanın “sükanı arxasında” olan Bülənt Karslıoğlunu istefaya göndərib.

Türkiyəli mütəxəssis əməkdaşımızla söhbətində bildirib ki, rəhbərliyin çıxardığı qərarı onun üçün gözlənilməz olub: “Peşəkar məşqçiyəm. Amma rəhbərliyin bu qərarı mənim üçün gözlənilməz oldu. Çempionatda liderik, son turda “Rabitə”yə qalib gəldik. Gələcək taleyimlə bağlı hələ bir şey deyə bilmərəm. Menecerim artıq Türkiyədən Bakıya gəlib. O, rəhbərliklə bu məsələni bir daha danışacaq. Hər 2 tərəfin yekun qərarı da bundan sonra bilinəcək”.

“İqtisadçı” rəhbərliyi artıq komandaya yeni baş məşqçi də gətirib. Bundan sonra komandanı Tailand millisinin baş məşqçisi Kiattiponq Radçataqriaqkra çalışdıracaq.

Qeyd edək ki, “İqtisadçı” 13 turdan sonra 23 xalla 1-ci pillədə qərarlaşıb.