Bülənt Karslıoğlu: Bütün komanda şokdadı
14.01.2013 - 13:01
Bülənt Karslıoğlu: Bütün komanda şokdadı
Ötən ildən “İqtisadçı” voleybol klubunun baş məşqçisi postunda çalışan, hesabat turunda “Rabitə”yə 3:2 hesabı ilə qalib gəldikdən sonra istefaya göndərilən türkiyəli mütəxəssis Bülənt Karslıoğlunun apasport.az saytına müsahibəsi

- Super Liqada “Azərreyl” və “Rabitə” kimi klublara qalib gələrək, birinci yerdə olsanız da istefaya göndərildiniz. Rəhbərlik bu qərarını nə ilə əlaqələndirdi?
- Bu barədə nəsə deyə bilmərəm. Klub prezidenti belə istədi.

- Sizin “İqtisadçı” ilə mövsümün sonuna kimi müqaviləniz var. Bəs komandadan ayrılmağınıza səbəb göstərilmədi?
- Xeyr. Bu idmandır, belə şeylər qaçılmazdır.

- Komandadan artıq rəsmən ayrılmısınız, yoxsa başqa bir vəzifədə qalmaq ehtimalınız var?
- Elə bir vəziyyətlə qarşılaşmışam ki, hazırda hansısa qərar vermək asan deyil. Hazırda menecerim Tunc Afşar Türkiyədən Bakıya gəlib, onunla oturub hər şeyi qarşılıqlı dəyərləndirəcəyik. Bundan sonra yekun qərarımı verəcəm.

- Gedəcəyiniz halda kompensasiya tələb edəcəksiz?
- Müqavilə şərtlərini yerinə yetirib, pulumu verəcəklərinə inanıram. Mənə artıq “belə bitər” dedilər. Mən də niyəsini soruşmadım? “İqtisadçı”nın gücünü, necə komanda formalaşdığını hazırda bütün dünya görür.

- Komandadan ayrılmağınıza voleybolçular necə qarşıladılar?
- Bütün komanda şokdadır, voleybolçular elə ağlayırlar ki... Özəlliklə, azarkeşlərimiz, habelə digər klubların voleybolçuları, məşqçiləri də bunu başa düşə bilmirlər. Mən nə edə bilərəm? Qərar rəhbərliyindir.

- Sizin yerinizə Tailand millisinin çalışdırıcısı Kiattiponq Radçataqriaqkra gətirilib. Həmin ölkədən komandanızda forma geyinən 7 oyunçunun gedişinizdə maraqlı olması mümkündürmü?
- Yox. Siz nə danışırsız? Voleybolçular hönkür-hönkür ağlayırlar. Məni o qədər çox sevirlər ki, bunu sözlə ifadə etmək çətindir. Sizcə, komandamız nəyin sayəsində uğur qazanır?

- Təbii ki, birliyin...
- Düzdür, birlik, sevgi, hamının bir amal üçün mübarizə aparması. Mən indiyə kimi onların biri ilə belə mübahisə etmədim. Elə bir şey ola da bilməz. Biz o qədər mehriban idik ki, bunun da qarşılığında uğur bizi izləyirdi.

- Belə olan halda, “İqtisadçı” rəhbərliyini qeyri-peşəkarlıqda günahlandırmaq olarmı?
- Bu barədə nəsə deyə bilmərəm.

- Bəlkə CEV kubokunda “Omiçka”ya məğlubiyyətdən sonra sizlə istefa barədə söhbət olub...
- Bu, mümkün deyil. Siz bizim “Rabitə” ilə qarşılaşmamıza baxmısızmı?

- Bəli.
- Orada neçə voleybolçudan istifadə etdim?

- 7, ya 8.
- Bəli, həmin vaxt mən hansısa oyunçunu dəyişə bilmədim. Ardınca isə hesabat turunda 3 voleybolçunu əvəzlədim. Komandamızda ikinci toppaylayıcı yoxdur. Bu, “Omiçka” ilə oyunda da belə idi. Yəni, avrokubokla vidalaşmağımız səbəb ola bilməz. Super Liqaya baxın, birinciyik. Digər klublara nəzər yetirdikdə də görürük, onlar bir neçə oyunçu dəyişirlər. Hər komandanın 6 haqqı var.

- Menecerinizlə danışdıqdan sonra Azərbaycandan ayrılmalı olsaz, hansı təəssüratlarla vətəninizə dönəcəksiz?
- Azərbaycan voleyboluna xüsusi töhfə verdiyimi deyə bilərəm. Çünki artıq Super Liqada çempionluq uğrunda döyüşən “İqtisadçı” kimi güclü klub da var.

- Bəs sonra Azərbaycan klublarından yeni təklif alacağınız halda geri dönərsiz?
- Niyə qayıtmayım? Mən türkəm, Azərbaycan mənim də ölkəmdir. Digər klublara, habelə “İqtisadçı”ya yenidən gələ bilərəm. Burada çalışmaqdan çox məmnunam. İstanbul və Avropa klublarında işləmişəm. Azərbaycanda mənə göstərilən sevgi, sayğı, insanların, azarkeşlərin hörməti sözlə ifadə olunmur. Fikir verirdinizsə, son turlara türklər belə bayraqlarla gəlirdilər. Oyunlar zamanı əla atmosfer yaranırdı. Yəni, mən də Azərbaycanı çox sevirəm. Bunun üçün də rəhbərliyimizin qərarına hörmətlə yanaşıram.