“Azərbaycan əcnəbi idmançıları özünə cəlb edir” - MÜSAHİBƏ
15.01.2013 - 12:24
“Azərbaycan əcnəbi idmançıları özünə cəlb edir” - MÜSAHİBƏ
“Azərreyl”in finlandiyalı yeni transferi Riikka Lehtonen ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı ulduz voleybolçu “dəmiryolçuları” seçməsini, İtaliyanı tərk etməsini və komandasının hədəflərini açıqlayıb. 2010-2011 mövsümündə “İqtisadçı” ilə Super Liqanın bürünc medalını qazanan Lehtonen çempionatımızın səviyyəsini də dəyərləndirib.

- Yeni komandanıza nə vaxt qoşulacaqsız?
- Artıq Azərbaycandayam. Burada özümü çox yaxşı hiss edirəm. Hər şeyin belə tez alınmasına sevinirəm.

- Apennin yarımadasından ayrılmanıza nə səbəb oldu?
- İtaliyanın “Krema” klubunun maliyyə problemləri vardı. Hələ payızda başlayan çətinliklər indi elə bir həddə çatıb ki, klub oyunçuların maaşını verə bilmir.

- Yenidən Azərbaycana qayıtmağınızı necə şərh edərdiz?
- Azərbaycan əcnəbi idmançıları özünə cəlb edir. Bunda əmək haqqının səviyyəsinin də xüsusi rolu az deyil.

- Onda oraya yollanmağınızda sərfəli müqavilə şərtləri önəmli rol oynayıb...
- Bəli, Azərbaycanda qazancım İtaliyadakından yüksəkdir.

- Bürünc medalını qazandığınız Azərbaycan Super Liqası barədə nə deyə bilərsiz?
- Orada oynamaq həqiqətən çox çətindir. Bu da çempionatın səviyyəsinin yüksək olması ilə bağlıdır. Çünki Azərbaycanda legionerlər üstünlük təşkil edir.

- Yeni klubunuzda italiyalı məşqçilər korpusu ilə çalışacaqsız. Oraya Apennin yarımadasında getdiyinizdən bunu necə qiymətləndirirsiz?
- Bilirəm ki, baş məşqçi ilə yanaşı, komandanın fizioterepevti də italiyalıdır. O - Viçenza Ajoiltani hətta mənim köhnə tanışımdır.

- Komandanızın hədəfləri barədə fikirləriniz maraqlıdır...
- “Azərreyl”ə getməyimin əsas səbəbi klubun Çempionlar Liqasında mübarizəni davam etdirməsi və döyüşdüyü hər cəbhədə iddialı olmasıdır. Pley-offda isə rəqibimiz digər Bakı klubu “Lokomotiv”dir. Fikrimcə, uğurlu mövsüm olacaq.