6 şəhərdə 6 start
15.01.2013 - 16:02
6 şəhərdə 6 start
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 1/6 finalda 3 Azərbaycan klubu da gücünü yoxlayacaq.

Belə ki, 6 şəhərdə baş tutacaq 6 cütdən birində 2 Bakı klubu – “Azərreyl”lə “Lokomotiv” üz-üzə gələcək. Avrokubokda baş tutacaq Azərbaycan derbisində birinciləri favorit hesab etmək olar. Çünki Alessandro Çiappininin yetirmələri rəqiblərinə artıq bir dəfə gücünü Super Liqada göstəriblər – 3:1.

Lakin bu o demək deyil ki, “Azərreyl” qələbəni asan bayram edəcək. Əksinə, “Lokomotiv” hələ 2 il öncə “Çelenc Cup”ın finalında uduzduğu rəqibindən qisas alarsa, bu, sensasiya kimi tarixə düşməyəcək. Qış transfer bazarının fəallarından olan Cuzeppe Kuçaraninin komandası ilk görüşdə məğlub olsa belə cavab oyununda mərhələ keçmək gücündədir. Əsası odur ki, 1/3 finalda onların biri mübarizəni davam etdirəcək.

Onları isə II pley-off mərhələsində tək qoymamaq üçün “Rabitə” “Kann”ı yarışdan kənarlaşdırmağa çalışacaq. Azərbaycan çempionu bir neçə dəfə məğlub etdiyi Fransa klubuna bu dəfə Çempionlar Liqasında yerini göstərmək üçün səfərə çıxıb.

Cütün favoriti olan Marçello Abbondanzanın yetirmələri bunun üçün öncə rəqibi ilə ilk dueldən üzüağ çıxmağı planlaşdırır. Lakin “Kann” yerli azarkeşlər qarşısında qalib gəlsə belə, Bakıda çətin mübarizədə sevinəcəyi inandırıcı deyil. Çünki evdə uduzmağı sevməyən “Rabitə” onlardan revanş alaraq, ən pis halda oyunu “Qızıl set”ə daşımaq gücündədir.


Çempionlar Liqası
I pley-off mərhələsi, ilk oyunlar

16 yanvar

18:00. “Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Marqus Kuppa (Estoniya)
Bakı, Voleybol Mərkəzi

23:30. “Kann” (Fransa) - “Rabitə” (Azərbaycan)
Hakimlər: Fabritsio Saltalippi (İtaliya), Heyke Kraft (Almaniya)
Kann, Palais des Viktoires

Qeyd edək ki, digər oyunlarda Kazan “Dinamo”su Moskva “Dinamo”sunu (hər ikisi Rusiya), “Villa Kortese” (İtaliya) “Əczaçıbaşı”nı (Türkiyə), “Atom” (Polşa) “Vakıfbank”ı (Türkiyə) və “Şveriner” (Almaniya) “Yamamay”ı (İtaliya) sınağa çəkəcək.