Məntiqsiz dəyişiklik: “İqtisadçı”nın məqsədi nədir?
16.01.2013 - 00:05
Məntiqsiz dəyişiklik: “İqtisadçı”nın məqsədi nədir?
Qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan Super Liqasında növbəti məşqçi dəyişikliyi edilib. Ancaq doğrusu, bu əvəzləmə sözün əsl mənasında hamını şoka salıb. Çünki dəyişiklik çempionatın autsayder komandalarından birində deyil, liqaya şəriksiz liderlik edən, son tur çərçivəsində Azərbaycanın hazırkı çempionu "Rabitə"ni və az öncə ölkə voleybolunun flaqmanı olan "Azərreyl"i də məğlubiyyətə uğradan "İqtisadçı"da baş verib. Heç bir səbəb gətirilmədən klub rəhbərliyinin qərarı ilə klubu çalışdıran türkiyəli mütəxəssis Bülənt Karslıoğlu tailandlı məşqçi Kiattiponq Radçataqriaqkrayla əvəzlənib.

Gözlənilmədən belə bir dəyişikliyin başvermə səbəbini öyrənmək üçün klubun baş meneceri Araz İsmayılovla əlaqə yaratdıq: "Karslıoğlunun baş məşqçi postundan istefaya göndərilib onun yerinə Tailand milli komandasının çalışdırıcısının təyin edilməsinin heç də qlobal bir səbəbi yoxdu. Bu, sadəcə, klub rəhbərliyinin qərarıdır. Qərar dəyişməz və müzakirə olunmazdı. Bülənt heç də pis mütəxəssis deyil. Sadəcə, bizim komanda qarşısına daha yüksək məqsəd qoyduğu üçün belə bir addım atılıb. Biz istəyirik ki, hazırda liderlik edən "İqtisadçı" yaxın gələcəkdə klublararası dünya çempionatında iştirak etsin. Bunun üçün də kluba daha təcrübəli və geniş əlaqələrə malik olan bir məşqçi lazım idi. Təbii ki, bu da ancaq Tailand yığmasının çalışdırıcısı ola bilərdi. Bizim klubun heyətində bu ölkənin yığma komandasının 7 üzvü forma geyinir. Həmin oyunçularla qüvvədə olan müqaviləmiz davamlı olsun deyə, belə bir qərar qəbul edildi. Klub rəhbərliyi Tailand Voleybol Federasiyası ilə danışıqlar apararkən belə bir razılıq olub. "İqtisadçı"ya yeni gətirilən məşqçi ilə Tailand yığması son 4 ildə iki dəfə Asiya çempionu adını qazanıb. Təsəvvür edin ki, məhz onun rəhbərliyi altında Tailand yığması dünya voleybolunda öz yeri olan, dünya voleybolunun liderlərdən biri hesab edilən Çin yığmasını məğlubiyyətə uğradaraq, Asiya çempionu olub".

İsmayılov "Sport Ekspress"in əməkdaşına "İqtisadçı"nın da məhz bu tailandlı mütəxəssislə uğurlara imza atacağına inandığını bildirib: "İnanırıq ki, yeni məşqçinin rəhbərliyi altında "İqtisadçı" Super Liqadakı liderliyini davam etdirməklə Azərbaycan çempionu adını qazanacaq, ölkəmizi gələn mövsüm Çempionlar Liqasında təmsil etmək şansı əldə edəcək. Ardından isə Çempionlar Liqasını da udaraq, qitə çempionu kimi klublararası dünya çempionatında iştirak edəcək".

Klub meneceri daha sonra baş məşqçi postundan gedən Karslıoğlu haqqında bunları söyləyib: "Bülənt Karslıoğlu yaxşı mütəxəssisdi. Rəhbərlik də daxil olmaqla hamı ona hörmətlə yanaşır. Biz onun klubdan tam ayrılmasını istəmirik. Ona rəhbərlik tərəfindən klubda qalıb işləmək üçün ən yüksək vəzifələrdən biri təklif edilib. Bundan sonrakı qərar isə onun özünündü. Karslıoğlu üçün "İqtisadçı"da həmişə yaşıl işıqdır. Hər halda rəhbərlik onun xidmətindən tamamilə imtina etməyib. Əgər istəyərsə, klubda qalıb təklif olunan vəzifədə çalışa bilər".