İlk derbidə “Azərreyl” sevindi - YENİLƏNİB
16.01.2013 - 19:29
İlk derbidə “Azərreyl” sevindi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, 6 şəhərdə baş tutacaq 6 cütdən birində 2 Bakı klubu – “Azərreyl”lə “Lokomotiv” üz-üzə gəlib.

Avrokubokda keçirilən Azərbaycan derbisində gözlənilən kimi nominal ev sahibləri qələbə qazanıb. Super Liqanın ilk dövrəsində rəqibini 3:1 hesabı ilə məğlub edən Alessandro Çiappininin yetirmələri bu dəfə 3:0 hesabı ilə qalib gəlib.

Düzdür, oyun “Lokomotiv”in üstünlüyü ilə başlayıb. Onlar ilk texniki fasiləyə də 1 top irəlidə çıxıblar. Lakin ardınca təşəbbüs “Azərreyl”un tərəfinə keçib. İkinci texniki fasilədə rəqibini 3 top qabaqlayan komanda yekunda hissəni 5 top öndə bitirib.

Növbəti setdə də “Azərreyl” güclü olub. Onlar ilk texniki fasiləyə 4, ikinci texniki fasiləyə 3 top üstünlüklə çıxıblar. “Lokomotiv” hissə ərzində 2 dəfə hesabda tarazlıq yaratsa da (13:13, 20:20), sonda səhvlərin qurbanı olub.

“Azərreyl” III hissədə əsl əzmkarlıq nümayiş etdirib. Onlar “Lokomotiv”ə ikinci texniki fasiləyə kimi uduzmalarına baxmayaraq (13:16), yekunda matçın hesabını müəyyənləşdiriblər – 3:0.

Beləliklə, qış transfer bazarının fəallarından olan Cuzeppe Kuçaraninin komandası ilk görüşdə məğlub olsa belə cavab oyununda mərhələ keçmək gücündədir. Komandalar ikinci qarşılaşmasına yanvarın 23-də çıxacaqlar.

Çempionlar Liqası
I pley-off mərhələsi, ilk oyunlar


16 yanvar

“Azərreyl” (Azərbaycan) – “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:20, 25:21, 25:22)
Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Marqus Kuppa (Estoniya)
Bakı, Voleybol Mərkəzi