“Azərbaycanın ən təhlükəli komandası ilə oynayacağıq”
16.01.2013 - 13:17
“Azərbaycanın ən təhlükəli komandası ilə oynayacağıq”
“Kann”ın voleybolçusu Viktoriya Ravva Çempionlar Liqasının I pley-off mərhələsində “Rabitə” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, vaxtilə Azərbaycanda oynamış məşhur voleybolçu hazırkı komanda yoldaşlarına Bakı klubu haqda lazımı məlumatları çatdırıb.

Belə ki, “Kann”ın kapitanı son illərdə dəyişməz çempionumuzu keçməyin çətin olacağını və bunun üçün bütün güclərini ortaya qoymağın vacibliyini önə çəkib: “Biz ötən il Bakıda “Dördlər finalı”nda oynadıq. Yekunda gümüş medal qazandıq. Bu dəfə isə mərhələ adlamaq üçün pley-offda ilk olaraq, “Rabitə” səddini aşmalıyıq. Ancaq etiraf etmək lazımdır ki, Azərbaycanın ən təhlükəli komandası ilə oynayacağıq. Bu barədə yoldaşlarımı da xəbərdar etmişəm. 2012-ci ildə olduğu kimi finala yüksəlmək üçün möcüzəni təkrarlamalıyıq”.

Qeyd edək ki, “Kann” – “Rabitə” oyunu bu gün saat 23:30-da başlayacaq.